İnsanlar əsrlər boyu müxtəlif niyyətlərlə ziyarətgahlara üz tutub, mənəvi rahatlıq tapmağa, dualarının qəbul olunacağına inanıb. Bəziləri bunu dini ənənə, digərləri isə uğur və çıxış yolu axtarışı kimi qiymətləndirir.
Bəs İslam dinində ziyarətgahlara getmək və qəbirlərdən kömək ummaq necə dəyərləndirilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, qəbirləri ziyarət etmək İslamda savab sayılır və bu barədə hədislər mövcuddur:

“Hz. Məhəmməd Peyğəmbərdən hədis var ki, qəbirləri ziyarət edin, çünki sizə axirəti xatırladır. İnsanların tanınmış şəxslərin, parlaq simaların məzarını ziyarət edib onlar üçün dua etməsi yaxşı haldır. Bu, dinimizdə gözəl qarşılanır.
Qəbirə sitayiş etmək, oradan yardım istəmək isə İslama ziddir. Çünki qəbir və ölü heç bir şeyə qadir deyil. Qəbri ilahlaşdırmaq, onu məbədə və ya məbuda çevirmək bütpərəstlik hesab olunur”.
Onun sözlərinə görə, bəzi insanların uğur qazanmaq, problemlərinin həll olunması və ya arzularının reallaşması üçün qəbirlərdən mədəd umması dini baxımdan doğru qəbul edilmir:
“Qəbirdən mədəd ummaqla heç bir uğur əldə etmək olmaz. Bu cür yanaşma hər şeyə qadir olan Allahın qüdrətinə inamsızlıqdan irəli gəlir. İnsan Allahın ona yaxın və hər şeyə qadir olduğuna inansa, heç zaman daşdan, qəbirdən və ya ölülərdən kömək istəməz”.
Tural İrfan əlavə edib ki, ölüləri yad etmək, onlar üçün dua oxumaq mənəvi baxımdan faydalıdır. Lakin qəbirlərə pərəstiş etmək, onları müqəddəsləşdirərək ibadət obyektinə çevirmək İslamda “küfr”, “bidət” və bütpərəstliyə aparan yanlış ənənə kimi qiymətləndirilir.














