Onun fikrincə, bu cür hadisələrin baş verməsinin səbəbi radikal solçu fəalların ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı müqavimət göstərməsi və onları hər gün hədəfə almalarıdır.
Gündəm24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Truth Social-da yayımladığı açıqlamada Minneapolisdə qadın etirazçını güllələyən İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) zabitinin özünümüdafiə məqsədilə hərəkət etdiyini bildirib. Tramp hadisənin videosunu izlədiyini və qadının “peşəkar iğtişaşçı” kimi davranaraq maşını ilə zabitlərin üzərinə getdiyini vurğulayıb.
ABŞ Daxili Təhlükəsizlik Departamenti hadisəni “daxili terror aktı” adlandırıb və bildirib ki, zabitlər həyatlarını qorumaq məqsədilə atəş açıb. Minneapolis meri Ceykob Frey ICE zabitlərinin hərəkətlərini “ehtiyatsızlıq” adlandıraraq onların şəhəri tərk etməsini tələb edib. Minnesota qubernatoru Tim Uolz isə “tam, ədalətli və sürətli araşdırma” çağırışı edib.
Hadisə ABŞ administrasiyasının qanunsuz miqrantların saxlanılması üzrə genişmiqyaslı əməliyyatları fonunda baş verib. Minneapolis-Sent-Pol aqlomerasiyası dünyada ən böyük Somali diasporasına ev sahibliyi edir. Prezident Tramp daha əvvəl ölkədə 25 milyon qanunsuz miqrantın olduğunu bildirərək sərt immiqrasiya siyasətini müdafiə edib, lakin siyasi rəqibləri onu həddindən artıq sərt addımlar atmaqda ittiham edirlər.
Sədaqət Həsənova














