Hakan Fidan əlavə edib ki, Türkiyə Fələstin məsələsindəki səylərini Qazaxıstan, Özbəkistan və Azərbaycan kimi digər ölkələrlə əlaqələndirməyə davam edir.
Gündəm24.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza ilə bağlı formalaşdırılan Sülh Şurasının tərkibinin genişlənəcəyini və prosesin getdikcə daha çox ölkəni cəlb etdiyini açıqlayıb. Onun sözlərinə görə, bəzi dövlətlər, xüsusilə Almaniya ilə bağlı prosedurun tamamlanmasını gözləyir, digərləri isə əlavə vaxt istəyir və nəticədə Şuranın iştirakçı sayı əhəmiyyətli dərəcədə arta bilər.
Fidan bildirib ki, hazırda Şurada təmsil olunan ölkələr Fələstin gündəliyini irəli aparmaq üçün koordinasiyalı şəkildə hərəkət edir və bu prosesə Avropa, Latın Amerikası, eləcə də Qazaxıstan, Özbəkistan və Azərbaycan kimi ölkələr də daxildir. Nazir vurğulayıb ki, münaqişə artıq danışıqlar mərhələsinə keçib və fərqli maraqlara malik dövlətlərin eyni masa arxasında toplanması asan olmasa da, diplomatik səylər davam etdiriləcək.
Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bir qrup ölkə Qəzza üzrə sülh təşəbbüsünü rəsmiləşdirib. ABŞ prezidenti Donald Tramp isə bu platformanın gələcəkdə daha geniş miqyas alacağını və təkcə Qəzza deyil, digər regional münaqişələrin həlli üçün də istifadə olunacağını bəyan edib.
Sədaqət Həsənova













