Məşhur aktrisa Ece İrtem-in ölümündən sonra onun vəkili prokurorluğa təqdim etdiyi ərizədə gənc aktrisanın Taylandda meymun tərəfindən dişləndiyini qeyd edib. Vəkil yarılma zamanı bu faktın da nəzərə alınmasını istəyib.
Gündəm24.az Sputnik Türkiyəyə istinadən xəbər verir ki, “”Kızılcık Şerbeti” serialının aktrisası Ece İrtemin 35 yaşında qəfil vəfat etməsi ilə bağlı aparılan istintaq yeni iddia ilə gündəmə gəlib. Aktrisanın vəkili Uğur Gökkoyun prokurorluğa təqdim etdiyi ərizədə, İrtemin Taylanda səfəri zamanı meymun tərəfindən dişləndiyini və bunun ölümcül nəticələrə səbəb ola biləcəyini bildirib.

Vəkilin sözlərinə görə, aktrisanın sol qolunda üç çapıq aşkarlanıb və ailə üzvləri bu izlərin Taylanddakı meymun hücumu nəticəsində yarandığını deyiblər. Mütəxəssislərlə aparılan məsləhətləşmələr zamanı meymun dişləmələrinin sepsis (qan zəhərlənməsi) kimi ağır fəsadlara yol aça biləcəyi qeyd olunub.
Bu səbəbdən prokurorluqdan Ece İrtemin yarılması zamanı həmin ehtimalın da xüsusi olaraq araşdırılması istənilib. Gənc aktrisanın ölüm səbəbi ilə bağlı rəsmi nəticənin isə ekspertiza başa çatdıqdan sonra açıqlanacağı gözlənilir.
Sədaqət Həsənova














