Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Liu Pengyu bildirib ki, Çin münaqişənin bütün tərəfləri ilə işləmək üçün Çay Cunu göndərəcək.
Gündəm24.az xəbər verir ki, Yaxın Şərqdə artan gərginlik fonunda Çin diplomatik fəaliyyətini gücləndirir. Pekin İran ətrafındakı vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün regiona xüsusi nümayəndə göndərməyə hazırlaşır. Çin hökumətinin Yaxın Şərq məsələləri üzrə xüsusi elçisi Çjay Cun yaxın vaxtlarda bölgəyə səfər edərək tərəflərlə danışıqlar aparacaq və gərginliyin azaldılması üçün diplomatik səylər göstərəcək.
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Pekin münaqişə tərəfləri də daxil olmaqla bütün ölkələrlə aktiv əlaqə saxlayır və dialoq yolu ilə ortaq mövqenin formalaşmasına çalışır. Onun sözlərinə görə, son günlər Çin diplomatiyası xüsusilə fəallaşıb və regionda vəziyyətin sabitləşdirilməsi üçün müxtəlif dövlətlərlə intensiv təmaslar qurulub.
Bu çərçivədə Çin xarici işlər naziri Vanq Yi Rusiya, İran, Oman, Fransa, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə telefon danışığı apararaq regiondakı son vəziyyəti müzakirə edib. Danışıqlarda əsas diqqət münaqişənin genişlənməsinin qarşısının alınmasına və diplomatik yollarla sülhün təmin edilməsinə yönəlib.
Diplomatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurası da İsrail və ABŞ-ın İrana zərbələri fonunda təcili iclas keçirib. Bu iclasın çağırılmasında Çin və Rusiyanın təşəbbüsü xüsusi rol oynayıb. Pekin hesab edir ki, Yaxın Şərqdə sabitlik yalnız dialoq və diplomatik vasitəçilik yolu ilə bərpa oluna bilər və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Sədaqət Həsənova














