Kastamonu İl Təhlükəsizlik Müdirliyinin Kəşfiyyat və Narkotiklə Mübarizə şöbələrinin birgə keçirdiyi əməliyyat nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığı ifşa edilib.
Xəbər verilir ki, da xil olan məlumatlar əsasında aparılan texniki izləmələr zamanı, bir şübhəlinin Azərbaycandan gətirdiyi narkotik maddələri udaraq İran vasitəsilə Türkiyəyə keçirdiyi müəyyən olunub. Polis qrupları şübhəlilərin olduğu avtomobili Kastamonu girişində saxlayaraq genişmiqyaslı axtarışlara başlayıb.
Keçirilən əməliyyat zamanı avtomobildə, şübhəlilərin üzərində və üç ayrı mənzildə aparılan axtarışlar dəhşətli faktı üzə çıxarıb. Məlum olub ki, kuryer ümumilikdə 258,31 qram metamfetamini 33 paket halında udaraq ölkəyə gətirib və daha sonra onları təbii yollarla bədənindən xaric edib. Bundan əlavə, axtarışlar zamanı ayrı-ayrı paketlərdə daha 20,73 qram metamfetamin və bir miqdar kannabinoid aşkar edilərək müsadirə olunub.
Əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, cəmi 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. Narkotik vasitələrin daşınmasında və satışında iştirak etməkdə şübhəli bilinən bu şəxslər, polis bölməsindəki ifadələrindən və lazımi hüquqi prosedurlardan sonra Kastamonu Ədliyyəsinə sövq ediliblər. Faktla bağlı məhkəmə araşdırması davam edir.32gun.az














