Gündəm24.az-a daxil olan çoxsaylı müraciətlərdə Sumqayıt şəhəri, Babək prospekti, 10-cu mikrorayon ərazisinin sakinləri ciddi narazılıqlarını ifadə edirlər. Sakinlərin sözlərinə görə, Sumqayıt Sukanal İdarəsi tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə aparılan qazıntı işləri başa çatsa da, ərazi bərpa edilməyib. Qazılmış sahələr baxımsız vəziyyətdə qalıb, nəticədə ərazi məişət tullantılarının atıldığı antisanitar məkana çevrilib.
Müraciətlərdə bildirilir ki, görülən işlərdən sonra yaranmış mənzərə həm şəhərin görünüşünə xələl gətirir, həm də sakinlərin haqlı narazılığına səbəb olur. İnsanlar aidiyyəti qurumların məsuliyyətsiz yanaşmasının qəbuledilməz olduğunu bildirərək, ərazinin təcili təmizlənməsini və əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.
Gündəm24.az məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsinin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır. Sakinlər isə problemin daha da böyümədən aradan qaldırılmasını gözləyirlər.




















