“Su axar, çuxurunu tapar” – deyiblər. Amma görünür, Saray MTK bu atalar sözünü də dəyişib. Burada hamam suyu borunu yox, qonşunun mənzilini tapır. Saray qəsəbəsində yerləşən Saray MTK-nın bina 43 mənzil 41 ünvanında yaşayan sakin Kənan Vəliyev Gündəm24.az-a şikayət edərək bildirir ki, onun evinin divarları islanır, tavan nəm çəkir. Yəni qonşunun hamamından gələn su mənzildə bərbad bir vəziyyət yaradıb.
Bu mənzərə istər-istəməz adamın yadına “Yol əhvalatı” filmindəki məşhur səhnəni salır. Orada zarafat idi, burada isə insanların hər gün yaşadığı acı reallıqdır. Fərq ondadır ki, filmdə tamaşaçı gülürdü, burada isə ev sahibi ziyana düşür. Məsələ o qədər absurddur ki, adama elə gəlir, binanın layihəsini santexnik yox, yumor ustası hazırlayıb. Çünki normal binada su kanalizasiya borusuna axmalıdır, burada isə düz qonşunun divarına.
Gündəm24.az məsələ ilə bağlı binanın komendantı ilə əlaqə saxladı. Cavab isə qısa oldu: “Bu mənzillər İpoteka Fondunundur, bizlik deyil. Qardaş, hamam suyudur. Qonşu evində çimən kimi, digər qonşunun evində su olur.Biz bu məsələyə qarışa bilmirik.”
Belə çıxır ki, suyun sahibi yoxdur. Hamam işləyir, divarlar islanır, vətəndaş zərər çəkir, amma məsuliyyətə gələndə hamı “bizlik deyil” deyir. İpoteka Fondu ilə də əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, zənglərimiz cavabsız qaldı.
Sonda isə bir sual qalır: Qonşunun duş qəbul etməsi niyə başqa bir ailənin evində “yağıntı” yaratmalıdır? Bu, nə yeni tikinti standartıdır, nə də normal yaşayış şəraiti.
Bəzən bir damcı su daş deşir. Amma görünür, Saray MTK-da axan su hələ də aidiyyatı adamların məsuliyyət hissini deşə bilməyib.













