Prezident ailəsinə qarşı şantaj iddiaları və xaricdən idarə olunan informasiya kampaniyaları ilə bağlı yeni detallar ortaya çıxıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan şəxsin ifadəsi bu prosesin arxasında həm maddi maraqların, həm də daha geniş məqsədlərin dayandığını göstərir.
Bəs bu cəhdlərin arxasında kimlər dayanır və əsas məqsəd nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib ki, saxlanılan şəxsin ifadəsi yayılan məlumatların tamamilə dezinformasiya xarakteri daşıdığını açıq şəkildə ortaya qoyur.

Onun sözlərinə görə, burada əsas məqsəd şantaj yolu ilə pul vəsaiti əldə etməkdir.
“Bu kimi hallarda əvvəlcə cəmiyyətdə informasiya səs-küyü yaradılır, daha sonra isə həmin səs-küydən istifadə edilərək maddi tələb irəli sürülür. Bu, hazırda dünyada geniş yayılan şantaj mexanizmlərindən biridir. Müasir informasiya texnologiyalarının inkişafı, xüsusilə “deepfake” imkanları bu cür saxta məlumatların hazırlanmasını daha da asanlaşdırıb. Artıq insanların səsi və görüntüsü süni şəkildə yaradılaraq ictimaiyyətə təqdim edilə bilər ki, bu da təhlükəli tendensiyadır”.
Siyasi analitik hesab edir ki, məsələ yalnız maddi maraqlarla məhdudlaşmır.
“Bu cəhdlərin arxasında eyni zamanda Azərbaycan dövlətinin və onun rəhbərliyinin beynəlxalq imicinə zərbə vurmaq niyyəti də dayanır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu bu kimi informasiya hücumlarını stimullaşdıran amillərdən biridir.
Bəzi xaricdə fəaliyyət göstərən blogerlər özləri də məlumatları ölkə daxilindən aldıqlarını etiraf edirlər. Bu isə daxildə müəyyən informasiya sızmaları ehtimalını gündəmə gətirir və məsələnin daha dərindən araşdırılmasını zəruri edir”.
Elşad Mirbəşiroğlu bildirib ki, bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan cəmiyyəti kifayət qədər ayıq-sayıqdır və saxta məlumatlarla həqiqəti ayırd etmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, məhz bu amil belə kampaniyaların real nəticə verməsinin qarşısını alır.
Ekspert vurğulayıb ki, Prezident ailəsinə qarşı aparılan bu cür informasiya hücumları yalnız cəhd olaraq qalır və ictimai rəyə ciddi təsir göstərə bilmir.













