Məlumata görə, müştərilər yanacaq üçün bir neçə saat növbədə gözləməli olurlar.
Gündəm24.az xəbər verir ki, Banqladeşdə kəskin yanacaq çatışmazlığı səbəbindən ölkədəki yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayanması təhlükəsi yaranıb. Bu barədə “Dhaka Tribune” qəzeti Banqladeş Benzin Nasosları Sahibləri Assosiasiyasının bəyanatına istinadən məlumat yayıb. Bildirilir ki, mövcud vəziyyət davam edərsə, ölkə üzrə bütün yanacaqdoldurma məntəqələri bağlana bilər.
Assosiasiya pərakəndə satış məntəqələrində vəziyyətin son dərəcə ağır olduğunu vurğulayıb. Məlumata görə, neft şirkətləri tərəfindən gündəlik yanacaq tədarükü tələbatdan xeyli azdır və bu da bazarda ciddi qıtlıq yaradıb. Panika ilə edilən alışlar isə mövcud ehtiyatların sürətlə tükənməsinə səbəb olur. Nəticədə sürücülər yanacaq almaq üçün saatlarla növbədə gözləməli olurlar.
Qurum həmçinin bildirib ki, yanacaq çatışmazlığı təhlükəsizlik problemlərini də artırır. Artıq bəzi bölgələrdə mütəşəkkil qrupların silahlı şəkildə yanacaqdoldurma məntəqələrinə hücum edərək sahibləri nasosları açmağa və yanacaq verməyə məcbur etdiyi halların qeydə alındığı qeyd olunub. Assosiasiya xəbərdarlıq edib ki, vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görülməsə, bir çox sahibkar bizneslərini bağlamağa məcbur qala bilər.
Sədaqət Həsənova














