Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözlədiklərini bildirib. Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi fikirlər qeyri-məqbul hesab edilib.
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir”, – XİN rəsmisi vurğulayıb.
O bəyan edib ki, Ümummilli Lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir: “Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik”.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Zaxarovanın səsləndirdiyi fikirlər təbii ki, qeyri- adekvat olmaqla yanaşı, həm də diplomatik etiketə uyğun deyil. Onun sözlərinə görə, xüsusilə nəzərə almaq lazımdır ki, Zaxarovanın diplomatik təcrübəsi kifayət qədərdir. Odur ki, sözügedən məsələni sadəcə “dil sürüşməsi” kimi qiymətləndirmək sadəlövhlük olar:

“Son dövrlərdə Bakı ilə Moskva arasında “sərin küləklər əsir”. Bunun səbəbkarı, sözsüz ki, qarşı tərəfdir. Hazırkı vəziyyət isə göstərir ki, Rusiya yaxın zamanda münasibətləri düzəltmək üçün hansısa addım atmaq niyyətində deyil. Zaxarovanın açıqlaması barədə danışarkən xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda din dövlətdən ayrıdır. Dövlət idarəçiliyində dini prinsiplər əsas götürülmür. Rusiya və konkret olaraq Zaxarova, doğrudanmı, bundan xəbərsizdir?”
K.Novruzovun fikrincə, Rusiya XİN nümayəndəsi məqsədli şəkildə Bakını qıcıqlandırır:
“Əgər belədirsə, görünür, Rusiya münasibətlərin daha da gərginləşməsindən çəkinmir. Qarşı tərəf Azərbaycanın haqlı tələbinə uyğun olaraq ən yaxın zamanda məsələ ilə bağlı izahat verməlidir. Əks halda bunun provokasiya olmasına dair ehtimallar artacaq”.














