ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu və hava hücumundan müdafiə (HHM) sistemlərinin davamlılığı ilə bağlı səsləndirilən iddialar hərbi analitiklər arasında ciddi müzakirələrə yol açıb. Keçmiş MKİ (CIA) analitiki Larri Consonun “Patriot” və THAAD sistemlərinin raket ehtiyatlarının intensiv döyüş şəraitində cəmi bir həftəyə tükənə biləcəyi barədə xəbərdarlığı, Vaşinqtonun regional təhlükəsizlik arxitekturasındakı boşluqları üzə çıxarır.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, bu vəziyyət ABŞ-nin hərbi doktrinası ilə real döyüş meydanındakı yeni reallıqlar arasındakı uyğunsuzluqdan xəbər verir: “Larri Consonun toxunduğu məqam əslində ‘asimmetrik müharibə’ reallığıdır. ABŞ-nin illərdir investisiya yatırdığı bahalı texnologiyalar, rəqiblərin ucuz və kütləvi istehsal edilən PUA və raket hücumları qarşısında iqtisadi və logistik baxımdan çətinlik çəkir. Bir neçə min dollarlıq dronu vurmaq üçün milyonlarla dollarlıq raketin sərf edilməsi təkcə maliyyə deyil, həm də resursun idarə olunması böhranıdır”.
Onun sözlərinə görə, ABŞ-nin Yaxın Şərqdəki müdafiə strategiyası genişmiqyaslı və uzunmüddətli “raket yağışı” ssenarilərinə tam hazır deyil: “Müasir münaqişələrdə ‘doydurma hücumu’ (saturation attack) deyilən taktika tətbiq olunur. Yəni eyni anda yüzlərlə hədəf havaya qaldırılır ki, müdafiə sistemləri həm texniki, həm də sursat baxımından iflic olsun. Əgər raket ehtiyatları Consonun dediyi kimi bir həftəyə kritik həddə düşürsə, bu, ABŞ-nin bölgədəki müttəfiqlərini qorumaq qabiliyyətinin sual altına düşməsi deməkdir”.
Siyasi şərhçi bildirib ki, bu boşluq Vaşinqtonu diplomatik müstəvidə daha ehtiyatlı addımlar atmağa məcbur edə bilər: “Hərbi resursların bu qədər sürətlə tükənmə ehtimalı Ağ Evi Yaxın Şərqdə böyük müharibədən qaçmağa və gərginliyi azaltmağa sövq edən əsas amildir. Çünki logistik xətlərin uzaqlığı və yeni raketlərin istehsal müddəti nəzərə alınarsa, bir həftəlik boşluq hərbi fəlakətlə nəticələnə bilər. ABŞ artıq hərbi gücün kəmiyyətindən çox, onun bərpa oluna bilən sürətinə fokuslanmalıdır”.













