Rusiyalı iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan bildirib ki, Baş nazir Nikol Paşinyan Rusiyanı regiondan uzaqlaşdırmağa və Ermənistanı geosiyasi münaqişələr meydanına çevirməyə çalışır.
Gündəm24.az xəbər verir ki, o bu barədə “Facebook” hesabında yazıb. “O (Ermənistanın Baş naziri Nikol Paşinyan-red.) Moskvada özünü rüsvay etdi. Amma daha pisi odur ki, ardıcıl addımlarla ölkəmizi geosiyasi münaqişə meydanına çevirdi. Dost Rusiyanı bölgəmizdən uzaqlaşdırmağa çalışmaq nə üçün lazım idi? Onun mövcudluğu heç vaxt Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına və ticarətinə mane olmayıb. Və əminəm ki, bu, gələcəkdə də belə olacaq”, – deyə o, yazıb. Karapetyan bildirib ki, Ermənistan xalqı 7 iyunda keçiriləcək parlament seçkilərində bir seçimlə üzləşir: “Ya Paşinyan səbəbindən iyul ayında Rusiya ilə iqtisadi müharibə, ya da iyun ayında Ermənistana gətirəcəyimiz dəyişikliklər”.
O əlavə edib ki, Rusiya ilə Ermənistanın dərin iqtisadi əlaqələri mövcuddur:
“Rusiya bizi ucuz qazla təmin edir, mövsümi işçilərimizi qəbul edir və kənd təsərrüfatı məhsullarımızın əhəmiyyətli bir hissəsini alır. Əgər bütün bunlara son qoyularsa, xalqımız daha da yoxsullaşacaq. Amma bugünkü baş nazir üçün əsas məsələ yalançı müharibələrdən qorxu vasitəsi kimi istifadə edərək öz rifahı naminə hakimiyyətdə qalmaqdır”.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən sonra Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə bildirib ki, Ermənistan Rusiyanın bu ölkə ilə iqtisadi münasibətlərini yenidən qurmalı olduğu nöqtəyə çox yaxındır. O, həmçinin vurğulayıb ki, AİB daxilində konsensus prinsipi fundamentaldır və Yerevanın üzv kimi maraqlarına zidd olan heç bir qərar qəbul edilməyəcək. Overçuk əlavə edib ki, Ermənistanın biznes nümayəndələri mallarını Aİ-yə satmaq perspektivlərini ayıqlıqla qiymətləndirməlidirlər. Overçuk əvvəllər dəfələrlə qeyd edib ki, AİB və Avropa Birliyinə üzvlük bir-biri ilə uyğun gəlmir.













