Əli Əbdüllahi xəbərdarlıq edib ki, Hörmüz boğazına yaxınlaşmağa və ya girməyə cəhd göstərəcək xarici qüvvələr, xüsusən də ABŞ ordusu hədəfə alınacaq.
Gündəm24.az xəbər verir ki, Hörmüz boğazı ətrafında gərginlik yenidən yüksəlir. İranın yüksək rütbəli hərbi rəsmisi Əli Əbdüllahi bildirib ki, ölkənin silahlı qüvvələri strateji su yoluna tam nəzarəti saxlayır və bölgədə hərəkət edən bütün gəmilərə ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, İranla əvvəlcədən əlaqə saxlamadan boğazdan keçməyə cəhd edən ticarət və neft tankerləri risklə üz-üzə qala bilər.
Rəsmi Tehran təhlükəsizliyin təmin olunduğunu vurğulasa da, faktiki olaraq bölgədə hərbi nəzarətin daha da sərtləşdirildiyi diqqət çəkir. Əbdüllahi xüsusilə xarici qüvvələrə mesaj verərək qeyd edib ki, ABŞ başda olmaqla istənilən hərbi gücün Hörmüz boğazına yaxınlaşması və ya daxil olması birbaşa hədəf kimi qiymətləndiriləcək. Bu açıqlama regionda mümkün qarşıdurma ehtimalını bir qədər də artırır.
Sədaqət Həsənova














