Ermənistanda keçirilən seçki kampaniyası namizədlər arasında dözülməz nifrət, aqressiya və dərin qütbləşmə şəraitində davam edir. Ölkə daxilindəki siyasi gərginlik pik həddə çatıb. Xüsusilə Qarabağdan köçən revanşist ermənilər və onlara rəhbərlik edən sabiq prezident Robert Koçaryan seçki kampaniyasını tamamilə erməni cəmiyyətində ayrı-seçkilik, nifrət nitqi və daxili qarşıdurma üzərində qurur. Baş nazir Nikol Paşinyanın seçicilərlə keçirdiyi görüşlərdə Qarabağdan köçən və revanşist mövqedə dayanan bəzi radikal qruplar ona kəskin etiraz edir, İkinci Qarabağ müharibəsindəki beş min hərbçinin ölümünə görə birbaşa Paşinyanı ittiham edirlər. Bu məsələ erməni cəmiyyətində hələ də ən həssas və ağrılı mövzu olaraq qalır, eyni zamanda hakim partiyanın və Nikol Paşinyanın seçki reytinqinə ciddi şəkildə mənfi təsir göstərir.
Məhz bu təhlükəni vaxtında hiss edən baş nazir daxili auditoriyanı neytrallaşdırmaq üçün hərəkətə keçib. Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Səlim Abbasoğlu bildirib ki, Nikol Paşinyan yaranmış situasiyanın fərqində olduğu üçün artıq daha sərt ritorikaya keçib: “Paşinyan mövcud reallığı bildiyi üçün açıq şəkildə Qarabağ ermənilərinin siyasi elitasının Ermənistan dövləti üçün fundamental problem yaratdığını bəyan edir və onların ölkədəki siyasi kökünü kəsəcəyini elan edir. Baş nazir bu çıxışları ilə Ermənistan cəmiyyətinə və yerli seçicilərə birbaşa mesaj verir ki, dövlətçilik üçün əsas təhlükə Azərbaycan deyil, məhz Qarabağdan köçən revanşist siyasi qruplar və onların başında duran Robert Koçaryandır”.
Ekspertin fikrincə, bu proses ölkədə yeni bir daxili parçalanmanın təməlini qoyub və proses artıq idarəolunmaz fazaya keçir: “Artıq Ermənistanda Qarabağ erməniləri ilə Ermənistanın yerli erməniləri arasında siyasi, sosial və ictimai uçurum daha da dərinləşir. Cəmiyyətin süni şəkildə iki düşmən düşərgəyə bölünməsinin və bu təhlükəli qarşıdurmanın əsas baiskarları və memarları kimi Robert Koçaryan, Serj Sarkisyan və Samvel Karapetyandır. Onlar öz şəxsi və klan maraqları naminə bütöv bir cəmiyyəti daxili müharibəyə sürükləyirlər”.
Politoloq qeyd edir ki, Paşinyanın revanşistləri hədəf alması təkcə hakimiyyəti qorumaq yox, həm də dövləti yeni bir fəlakətdən sığortalamaq məqsədi daşıyır: “Nikol Paşinyan Ermənistan vətəndaşlarını Qarabağ ermənilərinin revanşist siyasi elitasına qarşı kütləvi mübarizəyə çağırır. O, xalqa müraciətlərində bildirir ki, həmin köhnə ssenari müəllifləri və korrupsioner qüvvələr Ermənistanı fəlakətə düçar etmək, Azərbaycanla yeni və dağıdıcı bir müharibəyə sürükləmək məqsədi güdürlər. Paşinyanın bu qorxularında və fikirlərində müəyyən həqiqət payı olduqca böyükdür. Belə ki, R. Koçaryan və milyarder S. Karapetyan öz media resursları vasitəsilə açıq şəkildə Qarabağ məsələsini yenidən regional gündəmə gətirir və rəsmi Bakı ilə imzalanması nəzərdə tutulan sülh mətnini qətiyyən qəbul etmədiklərini bəyan edirlər. Bu avantürist bəyanatlar isə regional miqyasda Azərbaycanla yeni gərginlik və qaçılmaz müharibə riskini dəfələrlə artırır”.
Yaranmış vəziyyət seçkilərdən dərhal sonra İrəvanda böyük siyasi həbslərin dalğasının başlayacağını qaçılmaz edir. “Nikol Paşinyan seçki bitdikdən sonra Qarabağdan köçən revanşist ermənilərə və onlardan sadəcə bir siyasi alət, reytinq rıçaqı kimi istifadə edən xarici və daxili qüvvələrə qarşı ən ciddi inzibati ölçüləri götürəcək. O, seçkilərdən dərhal sonra revanşist düşərgəni tamamilə iflic etmək üçün daha amansız və sərt hüquqi addımlar atacaq. Paşinyan ölkəni qanunsuz aksiyalarla qarışdırmaq istəyən “Qarabağ klanı”nın bütün maliyyə və siyasi şəbəkəsini darmadağın etməkdə qərarlıdır. Bu planın kulminasiya nöqtəsi olaraq, o, Robert Koçaryan başda olmaqla, bu təxribatçı koalisiyanın əsas rəhbərlərini rəsmən həbsə atacaq və bununla da ölkədəki revanşizm ideologiyasını hüquqi yolla birdəfəlik dəfn edəcək”, – deyə ekspert Səlim Abbasoğlu fikirlərini yekunlaşdırıb./NOCOMMENT.az













