Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən illər keçsə də, bir çox vətəndaş hələ də bu xidmətə tam etibar etmir. Xəstəxanalarda xidmət keyfiyyəti, bəzi müayinələrin əlçatan olmaması və müraciət zamanı yaranan çətinliklər cəmiyyətdə narazılıq doğuran əsas məsələlərdən biri olaraq qalır.
Bəs tibbi sığorta sisteminə inamsızlığın səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, ölkədə ümumilikdə sığorta sistemlərinə qarşı etimadsızlıq uzun illərdir mövcuddur:

“Ölkə üzrə bütün sahələrdə sığorta sisteminə inamsızlıq hər zaman olub. Çünki bu sistem bir çox hallarda fəaliyyətini qənaətbəxş formada həyata keçirmir. Hətta bəzi məqamlarda öz fəaliyyət çərçivəsindən kənar davranışlar da müşahidə olunur. Bu baxımdan tibbi sığorta sisteminin tətbiq olunmasına baxmayaraq vətəndaşların ona tam güvənməməsi təəccüblü deyil”.
Ekspert qeyd edib ki, problem yalnız tibbi sığorta ilə məhdudlaşmır:
“Digər sığorta sahələrində də oxşar vəziyyət müşahidə olunur. Məsələn, avtomobil qəzaları zamanı vətəndaşlar sığorta şirkətlərinin üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyini görürlər. Bu da ümumi inamsızlığı daha da artırır”.
Cavanşir Abbaslının sözlərinə görə, tibbi sığorta sistemi insanların həyatı ilə birbaşa bağlı olduğundan bu sahəyə nəzarət daha ciddi olmalıdır:
“Hesab edirəm ki, aidiyyəti dövlət qurumları tibbi sığorta sisteminə ciddi nəzarət etməlidir. Çünki burada vətəndaşların sağlamlığı və həyatı birbaşa məsələdir. Mövcud problemlər qısa müddətdə aradan qaldırılmalıdır. Təəssüf ki, hazırda insanların bu istiqamətdə inamı kifayət qədər zəifdir. Amma ciddi cəhd və islahatlarla müəyyən nəticələr əldə etmək mümkündür”.














