İyunun 2-də regionun ən böyük strateji layihələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək. Gürcüstanın Axalkalaki stansiyasında baş tutacaq tarixi tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir. 2017-ci ildən test rejimində fəaliyyət göstərən, ümumi uzunluğu 827 kilometr olan bu nəhəng magistralın modernləşdirilməsi prosesi uğurla başa çatıb və xəttin illik yükdaşıma qabiliyyəti modernizasiya işlərindən sonra 1 milyon tondan 5 milyon tona qədər yüksəldilib. Layihənin Gürcüstan hissəsinin tikintisi bütövlükdə Azərbaycan tərəfindən maliyyələşdirilib.
Bəs Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi istismara verilməsi Azərbaycanın regiondakı tranzit və logistika imkanlarını nə dərəcədə gücləndirəcək? Bu strateji gediş ölkəmizə hansı iqtisadi üstünlükləri qazandıracaq?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını nəqliyyat eksperti İlqar Hüseynov cavablandırıb.

“Bakı-Tbilisi-Qars regional gücümüzü və logistik üstünlüklərimizi artırır”
Ekspert bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın regional gücünü kifayət qədər artıracaq:
“Bu layihə həm logistika üstünlüyü baxımından, həm də yüklərin tranzitinin həlledici şəkildə Azərbaycan üzərindən daşınması kontekstində ölkəmizin mövqelərini mühüm dərəcədə möhkəmləndirir”.
İlqar Hüseynov bildirib ki, layihənin işə düşməsi ölkə daxilində, xüsusən də regionlarda yeni infrastruktur dalğasına təkan verəcək:
“Hesab edirəm ki, bu xəttin fəaliyyəti fonunda Azərbaycanın Qərb regionunda – xüsusilə Tovuz, Qazax və Ağstafa bölgələrində böyük logistik mərkəzlər tikiləcək. Eyni zamanda, yükdaşıma məqsədli yüklərin saxlanılması və daşınması üçün müasir anbarlar inşa ediləcək. Bu isə birbaşa həmin regionun iqtisadi gücünün artmasına gətirib çıxaracaq”.
Ekspert BTQ xəttinin dəniz infrastrukturu ilə sintezinə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Ələtdə inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzəryanı ölkələri – Qazaxıstan, İran, Türkmənistan və Həştərxan üzərindən Rusiyanı əhatə edən çox ciddi bir qovşaqdır:
“Ələt Dəniz Limanının imkanlarının Bakı-Tbilisi-Qars quru dəmir yolu xəttinə inteqrasiya olunması hər iki strukturun potensialını maksimuma çatdıracaq. Bu inteqrasiya Xəzəryanı ölkələrin dəmir yolu nəqliyyat sistemini özündə birləşdirərək Avropaya, Türkiyəyə və hətta deyərdim ki, Çinə qədər uzanan böyük bir quru yol logistik mərkəzinin formalaşmasına şərait yaradacaq. Bu böyük quru yol şəbəkəsinin mərkəzində dayanan əsas ölkə isə məhz Azərbaycandır. Xatırladaq ki, vaxtilə yükdaşıma qabiliyyəti 1 milyon ton idisə, yeni texnoloji proseslərin tətbiqi ilə bu güc 5 milyon tona qədər qaldırılıb ki, bu da tranzit gəlirlərinin artımında mühüm rol oynayacaq”.
İlqar Hüseynov vurğulayıb ki, BTQ layihəsi Azərbaycanı Mərkəzi Avropanı, Mərkəzi Asiyanı və Xəzər regionunu birləşdirən ən üstün geosiyasi və iqtisadi duruma gətirib çıxarır. O, bu prosesin gələcək hədəflərlə bağlılığını belə izah edib:
“Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər güclənməsi, nəticə etibarilə bizim ən əsas hədəfimiz olan Zəngəzur dəhlizinin açılmasına və buradakı proseslərə də müsbət təsir edəcək. Zəngəzur dəhlizi vasitəsilə quru yükdaşımalarının Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyası gözlənilir. Bu gözləntilərin reallaşması Azərbaycanda həm tranzitdən gələn gəlirlərin artmasına gətirib çıxaracaq, həm də Cənubi Qafqazda ölkəmizin mövqelərinin güclənməsinə çox ciddi şəkildə təsir göstərəcək”.














