Azərbaycan televiziyasının və radiosunun qocaman diktoru, Xalq artisti, Prezident təqaüdçüsü Ofeliya Sənaninin 85 yaşı tamam olub. Yubiley münasibətilə paytaxt Bakıda təntənəli tədbir təşkil edilib.
Gündəm24.az xəbər verir ki, Bakı restoranlarının birində keçirilən yubiley tədbirinə Azərbaycan Televiziyasının (AzTV) tanınmış simaları, həmçinin ölkənin məşhur diktorları qatılaraq sənətkarı əlamətdar gün münasibətilə təbrik ediblər.
Ofeliya Hacağa qızı Sənani 1941-ci il mayın 26-da Bakı şəhərində anadan olub. Hələ məktəb illərindən sənətə və efir mühitinə böyük maraq göstərən Ofeliya xanım, 1959-cu ildə — 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. Paralel olaraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb. O, 1959–1975-ci illərdə müxtəlif radio tamaşalarında baş rolları səsləndirərək qısa zamanda dinləyicilərin rəğbətini və sevgisini qazanıb.
Azərbaycan milli televiziyasının və radiosunun inkişafındakı əvəzsiz xidmətlərinə görə Ofeliya Sənani 1975-ci ildə “Əməkdar artist”, 1991-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Görkəmli diktora 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fərdi təqaüd təyin edilib./NOCOMMENT.az













