“Dövlət İmtahan Mərkəzinin həm ikinci, üçüncü qruplar üçün, həm də birinci, dördüncü qruplar üçün keçirdiyi blok imtahanları bir qədər stabil keçib. Çünki imtahanlar ciddi müzakirələrə səbəb olmadı. DİM buraxılış imtahanlarındakı ağır suallardan, abituriyentlərin dili ilə desək, tələ suallardan artıq kurikulum standartlarına uyğun bir formaya keçdi. Yəni bu artıq ondan xəbər verir ki, ikinci cəhd imtahanları da ya bu şəkildə, ya da bir qədər daha asan ola bilər”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli ali təhsil müəssisələrinə qəbul üçün blok imtahanlarının 2-ci cəhdinin hansı səviyyədə təşkil olunacağından danışarkən səsləndirdi.

Həmsöhbətimiz vurğuladı ki, ikinci cəhd imtahanları adəti üzrə asan keçir:
“Elə təsadüfi deyil ki, artıq 70 mindən artıq abituriyent ikinci cəhd üçün müraciət edib. Elə bilirəm ki, bu buraxılış imtahanlarının ağır müzakirəsi, söz-söhbəti, ajiotajı bu blok imtahanlarının yumşaq keçməsinə bir vəsilə oldu. Mən elə sizin vasitənizlə abituriyentləri növbəti tədris ili üçün gərgin olmamağa çağırıram. Hər ildə olduğu kimi, bu il də plan yeri azalmayıb. Azalmayıbsa, bu artıq o deməkdir ki, ali təhsil müəssisəsinə qəbul olmaq həvəsində olanlar qəbul olunacaqlar. Narahat olmasınlar, çünki qəbul plan yeri heç bir yerdə azalmayıb. Yəni sadəcə olaraq ötən iki illə müqayisədə 30-40 bal aşağı keçid ola bilər, ancaq qəbul sayı eyni qədər olacaq. Ona görə də gərginliyə əsas yoxdur”.














