Finlandiya parlamentinin bu gün qəbul etdiyi qərarla ölkənin uzun illər qüvvədə olan nüvə silahı ilə bağlı qadağası aradan qaldırılıb. Parlamentin səsverməsi ilə təsdiqlənən yeni qanunvericilik nüvə silahlarının Finlandiya ərazisinə gətirilməsinə, tranzitinə və müdafiə məqsədilə saxlanılmasına hüquqi zəmin yaradır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu addım Finlandiyanın NATO-nun kollektiv müdafiə və nüvə çəkindirmə mexanizminə tam inteqrasiyası istiqamətində atılmış tarixi bir qərardır. Helsinki rəsmiləri bildirirlər ki, hələlik ölkə ərazisində nüvə silahlarının daimi yerləşdirilməsi nəzərdə tutulmur, lakin bu qərar NATO-nun nüvə çəkindirmə qabiliyyətindən tam istifadə etmək və zərurət yarandıqda çevik hərəkət etmək üçün həyati əhəmiyyət daşıyır.
Finlandiyanın müdafiə naziri Antti Həkkänen qərarı regional təhlükəsizlik mühitinin gözlənilməzliyi və Rusiya tərəfindən gələn risklər fonunda müdafiə potensialının gücləndirilməsi kimi qiymətləndirib. Bundan əlavə, Finlandiya hökuməti payız aylarında Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü olan və Avropa miqyasında vahid nüvə çəkindirmə sisteminin genişləndirilməsini nəzərdə tutan təşəbbüsə qoşulmaq barədə yekun qərar verməyi planlaşdırır. Qeyd edək ki, 1987-ci ildən qüvvədə olan qanunvericilik nüvə silahının saxlanılmasını və tranzitini qəti şəkildə qadağan edirdi, lakin yeni dəyişikliklər ölkənin müdafiə siyasətini NATO-nun ümumi təhlükəsizlik arxitekturasına tam uyğunlaşdırır.













