Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü “yaxşı” adlandırıb və tərəflərin, həmçinin diplomatiya mövzusuna da toxunduqlarını bildirib.
32gun.az yazır ki, Zelenski öz “Telegram” kanalında Trampa və onun komandasına insanların həyatını qorumaq üçün Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsinə verdiyi xüsusi önəmə görə təşəkkür edib. Görüşdə mövqelərin möhkəmləndirilməsi və sülhün yaxınlaşdırılması barədə müəyyən ideyaların müzakirə olunduğunu qeyd edən Ukrayna lideri, komandaların bu məsələlər üzərində operativ işləyəcəyinə və səmərəli diplomatiyanın qurulması üçün fəaliyyəti davam etdirəcəklərinə ümidvar olduğunu vurğulayıb.
Görüş zamanı Donald Tramp ABŞ-nin Ukraynaya “Patriot” HHM sistemlərinin istehsalı üçün lisenziya verəcəyini bəyan edib və Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına vurduğu zərbələrin münaqişənin başa çatmasına kömək edə biləcəyini qeyd edib.
Zelenski və Rusiya Prezidenti Vladimir Putini “mürəkkəb şəxsiyyətlər” adlandıran Tramp, onların tezliklə görüşə biləcəyini də istisna etməyib. Bundan əlavə, ABŞ lideri Kiyevin təhlükəsizlik təminatı mexanizmi kimi Ukrayna səmasının bağlanmasını təmin edə biləcəklərini də dilə gətirib.














