Sumqayıtda 35 günlük körpənin vəfatının həkim səhlənkarlığı nəticəsində baş verdiyi iddia olunur.
Körpənin anası Sahilə Şamilovanın sözlərinə görə, övladı Könül və Aida adlı həkimin səhlənkarlığı nəticəsində həyatını itirib. Ananın bildirdiyinə əsasən, körpə anadangəlmə müəyyən sağlamlıq problemləri ilə dünyaya gəlib.
Bu səbəbdən o, Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzinə müraciət edib və körpə bir müddət həmin tibb müəssisəsində müalicə alıb. İddiaya görə, uşağa xəstəxanada heç bir müayinə apalmayıb. Daha sonra ana öz imtina ərizəsi əsasında körpəni xəstəxanadan çıxarıb. Bir müddət sonra uşağın vəziyyəti yenidən pisləşib və xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt Tibb Mərkəzindən isə bildirilib ki, uşaq xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
“24.03.2026-cı il tarixində saat 18:30 radələrində ana həkimlərin tövsiyələri barədə məlumatlandırılmasına baxmayaraq, körpəsi ilə birlikdə evə yazılmasını təkid edib və evə buraxılıb. Bununla bağlı yenidoğulmuş barədə 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinə patronaj məlumatı təqdim edilib. 21.04.2026-cı il tarixində saat 17:20 radələrində ana uşaqda narahatlıq, göyərmə və ağlama şikayətləri ilə Sumqayıt Perinatal Mərkəzinin Təcili tibbi yardım şöbəsinə müraciət edib. Körpə sarı zona üzrə triaj olunaraq həkim müayinəsindən keçirilib. Pasiyentə stasionar müalicə təklif olunsa da, ana hospitalizasiyadan imtina edib və bununla bağlı müvafiq imtina sənədini imzalayıb”, – deyə məlumatda qeyd olunub.
Mənbə: Denmedia.az














