Niderlandda davam edən quraqlıq və anomal isti hava səbəbindən ölkədə faktiki su qıtlığı rejimi elan olunub.
Gündəm24.az xəbər verir ki, ölkənin Su Ehtiyatlarının Bölüşdürülməsi üzrə Milli Koordinasiya Komitəsi təhlükə səviyyəsini “qaçılmaz su qıtlığı”ndan “faktiki su qıtlığı”na qaldırıb.
Yağıntıların olmaması səbəbindən ölkəyə daxil olan suyun həcmi azalıb, yay mövsümündə yüksək istehlak isə vəziyyəti daha da çətinləşdirib.
Bildirilir ki, mövcud vəziyyətin yaxın həftələrdə də davam edəcəyi gözlənilir.
Su ehtiyatlarından daha səmərəli istifadə etmək üçün Reyn çayındakı bəndlərin iş rejimi dəyişdirilib, əlavə nasoslar hazırlanıb, daxili su hövzələrinə duzlu suyun daxil olmasının qarşısını almaq məqsədilə şlüzlər daha az açılır. Bu isə gəmilər üçün gözləmə müddətinin artmasına səbəb ola bilər.
Bir sıra bölgələrdə yeraltı su mənbələrindən, çaylardan və kanallardan su götürülməsinə məhdudiyyətlər tətbiq edilib, bəzi ərazilərdə isə suvarma qadağan olunub və ya məhdudlaşdırılıb.
Hakimiyyət orqanları vurğulayıb ki, əhalinin içməli su ilə təminatında problem yoxdur və hazırda sakinlərin su təchizatı üçün təhlükə mövcud deyil.\\musavat.com













