Qərbi Azərbaycan kəndləri – Əmirxeyir
Əmirxeyir kəndi Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında, keçmiş Çəmbərək rayonu ərazisində, rayon mərkəzindən təxminən 25 kilometr şimal-qərbdə yerləşən qədim Azərbaycan kəndlərindən biridir. Tarixi mənbələrdə kəndin adı 1727-ci il **“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”**ndə qeyd olunur və burada iki su dəyirmanının olduğu göstərilir.
Əmirxeyir əsrlər boyu yalnız azərbaycanlıların yaşadığı yaşayış məntəqələrindən biri olub. Kənd dağlar və meşələrlə əhatə olunmuş gözəl təbiəti, bulaqları və məhsuldar torpaqları ilə tanınırdı. Sakinlər əsasən əkinçilik, bağçılıq, maldarlıq, arıçılıq və xalçaçılıqla məşğul olurdular.


1919-cu ilin mart ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd əhalisi doğma yurdunu tərk etməyə məcbur olmuş, sovet hakimiyyəti qurulduqdan sonra onların bir hissəsi geri qayıtmışdır. 1988-ci ildə isə kəndin azərbaycanlı sakinləri sonuncu dəfə deportasiya edilmişdir.
Əmirxeyir elmə və təhsilə verdiyi töhfələrlə də tanınıb. Kənddə ibtidai, yeddillik və orta məktəb fəaliyyət göstərmiş, buradan çoxlu sayda alim və ali təhsilli mütəxəssis yetişmişdir. 19 aprel 1991-ci ildə kəndin adı rəsmi şəkildə Kalavan olaraq dəyişdirilmişdir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















