Son dövrlərdə sosial şəbəkələrdə məşhurlaşan və müxtəlif qalmaqallarla gündəmə gələn tiktokerlərin hüquqi müstəvidə aqibəti cəmiyyətin hər zaman diqqət mərkəzində olub.
Xatırladaq ki, əvvəlki illərdə də bir sıra tanınmış blogerlər və tiktokerlər – o cümlədən “Arzum” ləqəbli İlduzə Hacıyeva və “Nikosayağı” kimi tanınan Nicat Şakirli müxtəlif ağır yol-nəqliyyat hadisələri və ya hüquqazidd əməllərə görə məsuliyyətə cəlb olunmuşdular. Məsələn, “Arzum 9999” ləqəbi ilə tanınan İlduzə Hacıyeva törətdiyi ölümlə nəticələnən qəzaya görə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi, “Niko” ləqəbli Nicat Şakirli ise törətdiyi ağır qəza səbəbindən 5 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdi. Lakin onların işində cəzanın təyinatı zamanı müəyyən fərqli məqamlar və prosessual addımlar atılmışdı.
Bu fonunda, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovaya 10 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsi geniş səs-küy doğurdu. Qeyd edək ki, o, hədə-qorxu ilə külli miqdarda pul tələb etmədə (Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri) təqsirli bilinib. Lakin işin gedişatını daha da diqqətçəkən edən məqam odur ki, hökmdən bir neçə gün sonra Aybəniz Xəlilovanın keçmiş həyat yoldaşı, Türkiyədə bizneslə məşğul olan azərbaycanlı iş adamı Rövşən Zeynalov İstanbuldakı mənzilində ölü halda tapılıb.
Cütlüyün bu evlilikdən Mətin adlı azyaşlı övladının olması isə ictimaiyyətdə haqlı olaraq sual doğurur: Arzum, Niko və digər şəxslərə tətbiq edilən hüquqi mexanizmlər və ya yumşaldıcı hallar Bənizə də şamil oluna bilərmi, eləcə də keçmiş ərinin qəfil ölümü bu prosesə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məhkəmələrə müəyyən kateqoriyadan olan şəxslərin cəzasını yumşaltmaq və ya çəkilməmiş cəza hissəsini daha yüngül növ ilə əvəz etmək səlahiyyəti tanınıb: “Lakin burada ən vacib nüans irəli sürülən ittihamın ağırlıq dərəcəsidir. “Arzum” və “Niko”nun işində əməllər ehtiyatsızlıqdan törədilən cinayətlərə (yol hərəkəti qaydalarının pozulması) aid olduğundan, həmçinin bəzi hallarda zərərçəkən tərəflə münasibətlər nəzərə alınaraq müəyyən qərarlar verilib. Lakin Aybəniz Xəlilovaya qarşı irəli sürülən Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) birbaşa qəsdlə törədilən ağır cinayətlər kateqoriyasına daxildir və burada qanunvericiliklə tətbiq olunan cəza hədləri olduqca sərtdir”.
Hüquqşünas qeyd edib ki, hər hansı şəxsin himayəsində azyaşlı övladının olması məhkəmə tərəfindən yumşaldıcı hal kimi qiymətləndirilə bilər, lakin bu, ağır cinayətlər törədildikdə avtomatik olaraq cəzanın yüngülləşdirilməsi demək deyil: “Apellyasiya və ya kassasiya instansiyalarında işə yenidən baxılarkən müdafiə tərəfi ailə vəziyyətini, o cümlədən uşağın tək qalmasını və digər sosial faktorları əsas gətirərək vəsatətlər qaldıra bilər. Xüsusilə nəzərə alsaq ki, uşağın atası Türkiyədə vəfat edib və artıq azyaşlı hər iki valideyn qayğısından məhrum vəziyyətdə qalıb, bu acınacaqlı sosial vəziyyət məhkəmənin diqqətindən kənarda qala bilməz. Ancaq bu məsələ birinci instansiya məhkəməsinin hökmündən sonra yuxarı instansiya məhkəmələrində – apellyasiya şikayəti əsasında hüquqi müstəvidə müzakirə oluna bilər. Əgər müdafiə tərəfi qanunun verdiyi imkanlardan istifadə edərək müvafiq addımlar atarsa, gələcəkdə cəzanın yüngülləşdirilməsi məsələsinə qanunvericiliyin tələbləri çərçivəsində baxılması nəzəri baxımdan istisna edilmir”.














