Mütaliə mədəniyyətinin zəifləməsi, xüsusilə gənclərin kitaba marağının azalması son illər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdəndir. Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və informasiyanın saniyələr ərzində əldə edilməsi insanların oxu vərdişlərinə də ciddi təsir göstərir.
Bəs Azərbaycanda intellektual hərəkat başlatmaqla mütaliəyə marağı yenidən artırmaq mümkündürmü?
Gündəm24.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media eksperti Azər Həsrət bildirib ki, müasir dövrdə insanları uzun-uzadı əsərlər oxumağa məcbur etmək effektiv nəticə verməyə bilər.

“Artıq bundan sonrakı mərhələdə yetişən nəsli zorla uzun-uzadı romanlar oxumağa məcbur edə bilmərik. Biz romanları o vaxt oxuyurduq ki, bir zamanlar kino, televiziya və sosial media yox idi. Dünyagörüşümüzü zənginləşdirmək üçün romanlara üz tuturduq.
Hiss edirəm ki, yeni texnologiyalar insanların vaxtının böyük hissəsini alır. Məsələn, tarixi roman oxuyuruq ki, hansısa məlumatı əldə edək və bunu üç-beş günə başa çatdırırıq. Amma eyni hadisələr haqqında film çəkilir və biz onu iki saat ərzində izləyərək həm hadisələri görür, həm də məlumat əldə edirik. Bu da insanlara fərqli seçim imkanı yaradır”.
Ekspertin sözlərinə görə, müasir dövrdə əsas məqsəd insanları texnologiyadan uzaqlaşdırmaq deyil, informasiyanın daha effektiv və əlçatan formada təqdim edilməsinə nail olmaqdır:
“Ona görə düşünürəm ki, dünyanın hər yerində sırf oxu mədəniyyətinin yüksəldilməsi adı altında aparılan hərəkatların uğurlu olması çətin görünür. Biz heç kimi məcbur edə bilməyəcəyik ki, yeni texnologiyalardan imtina etsin və yenidən kağız və ya elektron formada uzun romanlar oxusun.
İndi saniyələrlə yarışırıq. Hər hansı məlumatı insanlara çatdırmaq istəyiriksə, onu mümkün qədər qısa, anlaşıqlı və maraqlı formada təqdim etməliyik. İstər bədii, istər elmi, istərsə də informativ əsərlər olsun, müasir insanın vaxt amilini nəzərə almaq lazımdır”.
Ekspertin fikirlərindən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda intellektual hərəkatın əsas istiqaməti yalnız insanları kitab oxumağa çağırmaqla məhdudlaşmamalıdır. Əksinə, kitab, kino, elektron platformalar, audiokitablar və digər müasir texnologiyalardan istifadə etməklə bilik və mütaliəyə marağı artıran yeni formatlar yaradılmalıdır.
Belə yanaşma həm gənclərin müasir informasiya istehlakı vərdişlərini nəzərə almağa, həm də cəmiyyətdə elmə, biliyə və intellektual fəaliyyətə marağın artırılmasına imkan verə bilər.












