Nepalın şimalında ötən həftə baş verən güclü daşqınlar nəticəsində 903 nəfər həlak olub.
Gündəm24.az xəbər verir ki, Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Orqanının məlumatına görə, indiyədək 903 nəfərin cəsədi tapılıb. Ümumilikdə 10 461 nəfər xilas edilib, təxminən 4 200 nəfər isə itkin düşüb. İtkinlər arasında 592 xarici vətəndaşın olduğu bildirilir.
Bundan əlavə, su elektrik stansiyalarında çalışan ən azı 933 işçinin tunellərdə ilişib qalmış ola biləcəyi ehtimal edilir.
Hakimiyyətin baş icraçı direktoru Dharmaraj Upreti bildirib ki, yolların bağlanması fəlakət zonasına yardımın çatdırılmasına və xilasetmə əməliyyatlarına ciddi maneə yaradır. Onun sözlərinə görə, hazırda helikopterlər əsas çıxış yolu olsa da, onların imkanları məhduddur.
Upreti həmçinin cəsədlərin tapılmasının hazırda ən çətin vəzifələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, isti hava şəraitində cəsədlərin vaxtında aşkarlanmaması ciddi epidemiya riskləri yarada bilər.
Fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumatlara əsasən, daşqınlara Çin sərhədi yaxınlığında baş verən qar uçqunu səbəb olub.
Güclü qaya və daş axını çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş ərazini su altında qoyub.
Bundan başqa, Rusiyanın Nepaldakı səfirliyi fəlakət bölgəsində ola biləcək 9 Rusiya vətəndaşı ilə əlaqənin kəsildiyini açıqlayıb.
Sədaqət Həsənova
Gündəm24.az













