Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, ötən gün saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub.
Ajans.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində minik avtomobilində olan sərnişin – Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
İdarə ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımı nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.













