Qərbi Azərbaycan – Dərələyəz mahalı, Ələyəz kəndi
Ələyəz, həmçinin Alagöz adı ilə tanınan kənd tarixi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd rayonunun ərazisində yerləşən qədim Azərbaycan yaşayış məntəqələrindən biri olub. Kənd rayon mərkəzindən təxminən 15 kilometr şimal-şərqdə, Alagöz çayının yanında, həmin çayın sağ qolu olan Yoğun su çayının sahilində yerləşib.
Kəndin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Ələyəz, Qafqazın beşverstlik xəritəsində isə Alagöz və Alayaz formasında qeyd edilib. Mənbələrdə kəndin ilkin və qədim adının Alagöz olduğu bildirilir. Kənd adının bölgədə əsrlər boyu qorunması onun qədim yaşayış məskəni olduğunu göstərən faktlardan biri kimi diqqət çəkir.
Ələyəz kəndinin tarixi daha qədim dövrlərə gedib çıxır. Mənbələrdə kəndin adının V əsrdən xatırlandığı, ərazidə isə XI–XIII əsrlərə aid Azərbaycanlılarla bağlı tarixi abidələrin olduğu qeyd edilir.
Alagöz adının yaranması ilə bağlı da maraqlı məlumatlar var. Mənbələrdə “Alagöz” adının türk etnonimi əsasında formalaşdığı qeyd olunur. Alagöz türk tayfası haqqında məlumatlara XIX əsrin tədqiqatlarında, o cümlədən 1863-cü ildə Armin Vamberinin türk tayfaları ilə bağlı araşdırmalarında rast gəlindiyi bildirilir.
Kəndin əhalisi uzun illər əsasən azərbaycanlılardan ibarət olub. Tarixi statistik məlumatlara görə, 1831-ci ildə kənddə 32 nəfər, 1873-cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904-cü ildə 524 nəfər, 1914-cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919-cu ildə isə 97 nəfər azərbaycanlı yaşayıb.
1918–1919-cu illərdə Ələyəz kəndi erməni silahlı qüvvələrinin hücumlarına məruz qalıb. Kəndin azərbaycanlı əhalisi deportasiya olunub, onların evlərində sonradan ermənilər yerləşdirilib. Sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərinin bir hissəsi doğma yurdlarına qayıda bilib.
Kənd əhalisinin taleyində ən ağır mərhələlərdən biri isə 1988-ci il deportasiyası olub. Həmin dövrdə Ələyəzdə yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla çıxarılıb və kənddə azərbaycanlı əhalinin yaşayışına son qoyulub.
Bu gün Ələyəz kəndinin tarixi adı, burada yaşamış azərbaycanlıların yaddaşı və ərazidəki qədim abidələr Qərbi Azərbaycanın tarixi-mədəni irsinin mühüm hissəsi kimi xatırlanır. Ələyəz adı həm qədim yazılı mənbələrdə, həm də keçmiş sakinlərin yaddaşında öz yerini qoruyub saxlayır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















