Ukrayna ordusunun sentyabrın 20-nə keçən gecə Rusiya regionlarına PUA hücumu ilin əvvəlindən bəri ən genişmiqyaslı hücum olub.
Gündəm24.az xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlar əsasında apardığı hesablamadan sonra bildirib. Agentliyin hesablamasına görə, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə qüvvələri 1110 Ukrayna PUA-sını vurub.
Rusiya Müdafiə Nazirliyinin məlumatında PUA-ların Belqorod, Bryansk, Kursk, Ryazan, Tula, Kaluqa, Vladimir, Nijni Novqorod, Tambov, Voronej, Lipetsk, Smolensk, Oryol, Rostov, Volqoqrad, Saratov və Samara vilayətləri, Krasnodar diyarı, Moskva regionu və Krım, həmçinin Qara dəniz akvatoriyası üzərində vurulduğu bildirilir.
TASS-ın hesablamasına əsasən, bununla sentyabrın 20-nə keçən gecə həyata keçirilən hücum 2026-cı ilin əvvəlindən bəri Rusiyaya ən genişmiqyaslı PUA hücumu olub.
Bundan əvvəl ilin ən böyük hücumlarından biri avqustun 16-na keçən gecə qeydə alınmışdı. Həmin vaxt 822 PUA-nın zərərsizləşdirildiyi bildirilmişdi. Avqustun 18-nə keçən gecə isə bu rəqəm 791 olmuşdu. İyunun 26-da 660 PUA-nın vurulduğu açıqlanmışdı.
Moskva regionu da hücumun əsas istiqamətlərindən biri olub. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, sentyabrın 19-dan etibarən müxtəlif müdafiə xətlərində 1600-dən çox PUA məhv edilib, onlardan 450-si paytaxta yaxınlaşarkən vurulub. Sobyanin Moskvanın məruz qaldığı hücumu ən genişmiqyaslı PUA hücumu adlandırıb.\musavat













