Bərdədə dəm qazından zəhərlənərək həyatını itirən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva qızının ölümü ilə bağlı bəzi iddialar səsləndirib.
Gündəm24.az bildirir ki, teleqraf-ın Qarabağ bürosuna danışan ana bildirib ki, hadisədən əvvəl qızı ona zəng edərək pul istəyib. O, qızının bank kartına pul göndərdikdən sonra bir neçə dəfə Pərvanə ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab ala bilməyib.
Şəlalə Quliyevanın sözlərinə görə, səhər saatlarında qızı yenidən zəng edərək gecə baş verənləri danışıb. Kənanın qayçını boğazına dirəyərək onu hədələdiyini, evdən getsə, öldürəcəyini dediyini bildirib.
Şəlalə Quliyeva hadisədən gecə saat 03:00 radələrində xəbər tutub. Ona qızının və kürəkəni Kənan İmaməliyevin zəhərləndiyi bildirilib. Dərhal yola düşən ana xəstəxanaya çatanda Pərvanənin artıq morqda olduğunu öyrənib.
Ana günorta saatlarında qızının meyitini görüb, bədəninin sağ böyründə sivri iz və qan yığılmasına bənzər əlamət müşahidə edib.
Ananın sözlərinə görə, Pərvanənin ölüm səbəbi ilə bağlı dəqiq fikir ekspertizanın rəyindən sonra bilinəcək.
Şəlalə Quliyeva məsələ ilə bağlı hüquq-mühafizə şikayət edib. O, qızının qayınanası, qaynı və həyat yoldaşından şikayətçidir.

14:57
Bərdədə dəm qazından öldüyü deyilən cütlükdən birinin – Pərvanə Hüseynovanın yaxınları hadisədə şübhəli məqamlar aşkar ediblər.
Gündəm24.az bildirir ki, mərhumun yaxınları Teleqraf-ın Qarabağ bürosuna bildiriblər ki, Pərvanə 2025-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra 2003-cü il təvəllüdlü Kənan İmaməliyevə qoşularaq evdən qaçıb. Onların toyu təxminən 8 ay sonra olub.
Bir müddət sonra ər-arvad arasında mübahisə yaranıb, Pərvanə valideynlərinin evinə qayıdıb. Lakin o, yenidən həyat yoldaşının evinə dönüb.
Hadisə günü yaxınları Pərvanənin mobil telefonuna baxış keçiriblər. Onların iddiasına görə, telefondakı bütün yazışmalar silinmiş vəziyyətdə olub.
Qohumlar hadisənin səbəbinin müəyyənləşməsi üçün prokurorluğun araşdırmasını və ekspertiza rəylərinin nəticələrini gözlədiklərini qeyd ediblər.
13:28
Bərdədə dəm qazından zəhərlənən ər-arvad təzə ailə qurubmuş.
Gündəm24.az bildirir ki, hadisə zamanı zəhərlənən 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və onun 2008-ci il təvəllüdlü həyat yoldaşı Pərvanə Hüseynova əslən Ağdam rayonundandırlar.
Cütlük yenicə ailə qurubmuş.
Qeyd edək ki, Bərdənin Əliyanlı kəndində yaşadıqları evdə dəm qazından zəhərlənən ər-arvad xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Kənan İmaməliyevin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır./teleqraf
11:30
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gündəm24.az Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən bağlı qapı arxasında qalan şəxslərin qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrlə giriş qapısını açaraq evə daxil olub, 2003-cü il təvəllüdlü Kənan İmaməliyevi və onun həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə aşkar ediblər.
İlkin olaraq dəm qazından zəhərləndikləri ehtimal edilən zərərçəkmişlər ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya çatdırılıblar.
Lakin zərərçəkmişlərdən biri – Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib, digərinin – Kənan İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.













