Xəbər verdiyimiz kimi, Qazaxıstanın Manqistau vilayətinin Aktau şəhərində hərbi təlimlər zamanı 19 hərbçi Xəzər dənizinə sürüklənib.
Globalinfo.az-a danışan Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov deyib ki, artıq 12 nəfərin meyiti sudan çıxarılıb:
“Məlum olduğu kimi, 3 nəfər xəstəxanaya yerləşdirilib. Digərlərinin cəsədlərinin tapılması istiqamətində axtarışlar davam etdirilir”.
Şəmsəddin Hüseynov Aktauda yaşayan azərbaycanlıların zərərçəkənlərin yaxınlarına dəstək göstərdiklərini qeyd edib:
“Türk dövlətiyik, qardaş xalqıq. Bu səbəbdən də Aktauda yaşayan azərbaycanlılar xəbəri eşidən kimi hadisə yerinə gedərək qardaş xalqımıza yardım əlini uzatdılar. Orada olan insanlara lazımi köməklik göstərdilər, dəstək oldular. Məlumata görə, həlak olanlar arasında əslən Özbəkistandan olan hərbçi də var. Özüm də səhər həmin yerə getdim, xalqımıza müraciət etdim ki, belə gündə qardaş xalqın yanında olmaq lazımdır. Hər kəs də sağ olsun, gəlib iştirak etdi. Məlumat olduqca sizinlə bölüşəcəyik. Qazax xalqına başsağlığı veririk”.













