Rusiya Ukraynada genişmiqyaslı dron hücumu həyata keçirib
Gündəm24.az Reuters-ə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın hərbi və strateji infrastrukturuna genişmiqyaslı dron zərbələri endirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumların əsas hədəfləri logistika və rabitə mərkəzləri, yanacaq infrastrukturu, hərbi obyektlər və limanlardakı nəqliyyat vasitələri olub.
Kiyevdə “UkrTelekom”a məxsus məlumat emalı mərkəzlərinin, “DreamLine” şirkətinin obyektlərinin və hərbi hissələrin istifadə etdiyi yanacaq infrastrukturunun vurulduğu bildirilib. Kiyev vilayətində Vasılkiv hərbi aerodromunun obyektləri və hərbi texnikanın da zərər gördüyü qeyd olunub.
Hücumların digər istiqaməti Odessa və ətraf limanlar olub. Odessada hərbi təchizatın saxlanıldığı bildirilən logistika mərkəzinə, Çernomorsk limanında isə hərbi və ikili təyinatlı yük daşıdığı deyilən gəmiyə zərbə endirilib.
İzmail limanında “Dunaysudoservis” gəmiqayırma zavodunun infrastrukturu və Ukrayna Dövlət Sərhəd Mühafizəsi bölməsinin yerləşdiyi ərazi də hədəfə alınıb.
Rusiya tərəfi həmçinin Odessa limanına hərbi yük daşıdığı iddia edilən daha bir quru yük gəmisinin dənizdə vurulduğunu açıqlayıb.
Sədaqət Həsənova
Gündəm24.az













