Dubay-Təl-Əviv reysində HƏYƏCAN: 7500 siqnalı verildi
Gündəm24.az Reuters-ə istinadən xəbər verir ki, Dubaydan Təl-Əvivə uçan flydubai sərnişin təyyarəsi ilə bağlı həyəcan yaşanıb.
İlkin məlumatlara görə, təyyarə uçuş zamanı 7500 transponder kodu göndərib. Aviasiyada bu kod qanunsuz müdaxilə və mümkün təyyarə qaçırılması barədə siqnal kimi istifadə olunur. Lakin bunun özü təyyarənin qaçırıldığını təsdiqləmir.
Təyyarənin 150-dən çox sərnişin daşıdığı bildirilir. Hadisədən sonra təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanı istiqamətində hərəkət edib. Məlumatlara görə, İsrail tərəfi vəziyyətlə əlaqədar döyüş təyyarələrini də havaya qaldırıb.
İlkin məlumatlarda təyyarənin bir müddət uçuş izləmə sistemlərində görünmədiyi də bildirilib. Təyyarənin Səudiyyə Ərəbistanının Tabuk şəhəri yaxınlığında izlənildiyi və oraya enməsinin gözlənildiyi qeyd olunub.
İsrail Baş nazirinin sözçüsü isə təyyarə qaçırılması hadisəsinin baş vermədiyini bildirib.
Hazırda hadisənin səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. 7500 kodunun niyə göndərildiyi və təyyarənin hansı səbəbdən marşrutunu dəyişdiyi barədə əlavə rəsmi məlumatların açıqlanması gözlənilir.
Sədaqət Həsənova
Gündəm24.az













