Qərbin Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri ilə bağlı dəstəyində hansı amillərin ön plana çıxması, Avropa ölkələrinin öz silah ehtiyatlarının azalmasından narahat olub-olmaması və Rusiyanın müharibəyə daha geniş cəlb olunması ehtimalının bu prosesə təsiri müzakirə olunur.
Mövzu ilə bağlı Gündəm24.az-a şərh verən politoloq Cavanşir Abbaslı bildirib ki, Ukraynanın hava məkanının bağlanması məsələsi müharibənin ilk günlərindən müzakirə olunur və bu istiqamətdə Qərbin mövqeyi ciddi suallar doğurur.

Cavanşir Abbaslının sözlərinə görə, Ukraynaya lazımi səviyyədə hərbi dəstəyin göstərilməməsi Kiyevin müdafiə imkanlarına və müharibənin gedişinə birbaşa təsir göstərir:
“Qərbin Ukraynaya dəstəyi müəyyən həddə qədər davam edəcək, lakin Rusiyanın tam məğlubiyyətinə hesablanmış daha geniş hərbi dəstəyin göstərilməsi məsələsində tərəddüdlər qalacaq. Proses bu şəkildə davam edərsə, müharibənin ən ağır nəticələri Ukraynanın üzərində qala bilər. Eyni zamanda, Qərb Ukraynanın tam məğlubiyyətinə də göz yummayacaq”.
Politoloq əlavə edib ki, ABŞ və Avropanın yanaşmasında əsas məqsədlərdən biri Rusiyanın uzunmüddətli müharibə şəraitində zəifləməsi ola bilər. Cavanşir Abbaslının qənaətinə görə, bu səbəbdən Ukraynaya dəstək tam şəkildə deyil, müəyyən mərhələlər üzrə göstərilir.
Gündəm24.az
İlkin Şirinov













