İran “Məkkə sazişi” ölkələrinə Yəmən husiləri ilə siyasi qarşılıqlı fəaliyyət imkanını nəzərdən keçirməyi təklif edib. Bunu Pakistanın xarici işlər naziri İshaq Dar deyib. O qeyd edib ki, təklif bu həftə Ər-Riyadda keçiriləcək görüşdə nəzərdən keçiriləcək. Müzakirədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan iştirak edəcək.
Qeyd edək ki, bu həftə həm də “Məkkə sazişi” dövlətləri Baş Qərargah rəislərini toplantısı gözlənilir. Bu arada o da məlum olub ki, Pakistan özünü daha yaxşı müdafiə eləmək üçün 40 minlik canlı qüvvə göndərib. Həmçinin, məlum olub ki, altıdan çox dövlət Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təsis edilmiş Məkkə Birgə Müdafiə Alyansına qoşulmaqda maraqlı olduğunu bildirib. Bunu da İshak Dar bəyan edib. Lakin Paktın genişlənmə perspektivlərinə toxunan diplomat maraq göstərən ölkələrin adlarını hələlik məfxi saxlamağa üstünlük verib. O qeyd edib ki, yeni tərəfdaşların Alyansa rəsmən qəbul edilməsi yalnız müqavilənin hüquqi və mexaniki baxımdan tam fəaliyyətə başlamasından sonra mümkün olacaq. Bu inteqrasiya və hazırlıq prosesinin isə bir ilə qədər vaxt apara biləcəyi vurğulanır.

İranın təklifi qəbul olacaqmı?
Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, “Məkkə üçlüyü” husilərlə siyasi əlaqələrin, qarşılıqlı fəaliyyətin qurulması ilə bağlı təklifi müzakirə edə bilər, amma konkret bir qərarın qəbul edilməsi gözlənilmir:
“Çünki burada söhbət İran-İsrail müharibəsindən əvvəl husilərlə Səudiyyə Ərəbistanının münasibətlərindən gedir. Yaxın 20-30 illik tarixə nəzər yetirsək, husilərlə Səudiyyə Ərəbistanı arasında daim ziddiyyətlər, konfliktlər olub. Husilər zeydi və əsasən də şiəlik üzərində qurulmuş bir təriqət olduğuna görə Səudiyyə Ərəbistanı ilə həm dini nöqteyi-nəzərdən münaqişə içindədir, həm də husilər 2011-cü ildə Yəməndə hakimiyyəti ələ keçirəndən sonra onlarla Səudiyyə Ərəbistanının münaqişəsi daha da dərinləşib. Bu gün də faktiki olaraq husilərin və Səudiyyə Ərəbistanının tanıdığı hakimiyyətin tabeliyi altında olan iki əraziyə bölünüb. Ona görə də İranın təklifinə Səudiyyə Ərəbistanının müsbət yanaşacağı fantastika kimi görünür”













