“Azərbaycan əsgərinin Ermənistana yolu azaraq keçməsi və barəsində iki ay müddətinə həbs qətimkan qərarının verilməsi, əlbəttə ki, iki ölkə arasında kövrək sülh gündəliyinə təsir etməməlidir”. Bunu Musavat.com-a deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhəd xəttinin bütün hissələrində mühəndis-texniki qurğuların və sərhəd kommunikasiyalarının tam şəkildə formalaşdırılmadığı şəraitdə hərbçilərin və ya mülki şəxslərin yolu azaraq qarşı tərəfin ərazisinə keçməsi mümkündür. “Belə hallara avtomatik olaraq təxribat və ya hər hansı planlı fəaliyyət kimi yanaşmaq düzgün deyil. Ermənistan bu hadisəni təxribat kimi təqdim etməkdən çəkinməli və məsələyə ilk növbədə yolu azaraq sərhədi keçmiş hərbi qulluqçunun taleyi kontekstində yanaşmalıdır”,_ deyə Azər Badamov vurğulayıb.

Parlamentari hesab edir ki, baş nazir Nikol Paşinyanın əsgərin guya atəş açması ilə bağlı səsləndirdiyi fikirlər araşdırılmalıdır: “Burada əsas məsələ həmin iddianın nə dərəcədə real olduğunun obyektiv şəkildə müəyyənləşdirilməsidir. Əgər araşdırma nəticəsində hər hansı cinayət əməli və ya təhlükə yaradan fəaliyyətin olmadığı müəyyən edilərsə, Nəsimi Musayevin Azərbaycana qaytarılması ən doğru addım olardı”.
Deputata görə, sabah Ermənistandan da hərbi qulluqçu, yaxud mülki şəxs azaraq Azərbaycana keçə bilər: “Xüsusilə mürəkkəb relyef və əlverişsiz hava şəraiti nəzərə alınarsa, belə hadisələrin baş verməsi tamamilə mümkündür. Ona görə də hər hansı təxribat planının tərkib hissəsi olmayan bir əsgər barəsində iki ay müddətində həbs qətimkan qərarının seçilməsini düzgün hesab etmirəm. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi də iki ölkə arasında qarşılıqlı etimadın formalaşmasına xidmət etmir. Düşünürəm ki, Paşinyan konkret addım atmalı və yaxın zamanda Nəsimi Musayevin Azərbaycana qaytarılmasını təmin etməlidir. Bu, həm humanitar baxımdan doğru qərar olar, həm də Azərbaycan-Ermənistan arasında sülh prosesinin ruhuna uyğun addım kimi qəbul olunar”.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev azaraq Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olub. Paşinyanın oktyabrın 8-də verdiyi açıqlama isə məsələnin məhkəmə müstəvisinə daşına biləcəyi görünür. Paşinyan Musayevin Ermənistanda ömürlük qalmayacağını da əlavə edib. Onun sözlərinə görə, Azərbaycan hərbçisi atəş açmasaydı, həmin gün Azərbaycana qaytarılacaqdı.
Xatırladaq ki, Nəsimi Musayevin Ermənistanda saxlanılması barədə məlumat oktyabrın 1-də yayılıb, oktyabrın 2-də isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ermənistan onun sentyabrın 26-da hərbi hissəni özbaşına tərk etdiyini iddia edir.













