“Mövcud qiymətləndirmələr və qanunvericiliyin uyğunlaşdırılması başa çatdıqdan sonra yeni mexanizmin tətbiqi mümkün olacaq.”
Gündəm24.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, saatlıq iş rejimi ilə bağlı yanaşma Əmək Məcəlləsinə edilən dəyişikliklərdə artıq müəyyən qədər öz əksini tapıb. Xüsusilə iş vaxtından artıq görülən işə görə ödənişlərin hesablanmasında saatlıq mexanizmdən istifadə olunması nəzərdə tutulur:
“Bu, əslində, Azərbaycanda Əmək Məcəlləsinə ilk dəfə saatlıq iş anlayışının gətirilməsi və buna uyğun olaraq ödənişlərin həyata keçirilməsi deməkdir. Amma bütövlükdə həm dövlət, həm də özəl sektorda saatlıq iş rejiminin tətbiqi üçün qanunvericiliyə yeni dəyişikliklərin edilməsi vacibdir”.
V.Bayramov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də saatlıq iş rejiminə keçidin strategiyanın bir hissəsi olduğunu açıqlayıb: “Hazırda bu istiqamətdə qiymətləndirmələr aparılır və Azərbaycanda tətbiq oluna biləcək uyğun mexanizmlər araşdırılır”.
Deputatın sözlərinə görə, araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyin yeni mexanizmə uyğunlaşdırılması istiqamətində addımların atılması gözlənilir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bütövlükdə hökumət tərəfindən qiymətləndirmələr başa çatdıqdan sonra qanunvericiliyin də bu istiqamətdə uyğunlaşdırılması həyata keçiriləcək. Bu isə Azərbaycanda saatlıq iş rejiminə keçidin mümkün olacağından xəbər verir. Prosesin yaxın dövrdə reallaşması mümkündür”.
O, bunu məsələnin artıq aidiyyəti dövlət qurumunun gündəliyində olması və müvafiq qiymətləndirmələrin aparılması ilə əsaslandırıb:
“Gözlənti ondan ibarətdir ki, saatlıq iş rejiminə keçid yaxın zamanlarda baş verə bilər. Çünki bununla bağlı artıq müvafiq dövlət qurumu tərəfindən rəsmi açıqlamalar verilib və qiymətləndirmələr aparılır. Təbii ki, ilk növbədə mexanizm hazırlanmalı və qanunvericiliyə uyğun dəyişikliklər edilməlidir. Bundan sonra Azərbaycanda saatlıq iş rejiminin tətbiqini müşahidə edə bilərik”.













