ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynanı Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa çağırıb. Vaşinqtonun tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, Kiyevə Amerika kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edildiyi bildirilir.
Gündəm24.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Axios” nəşri amerikalı və ukraynalı rəsmilərə istinadən məlumat yayıb.
Amerikalı rəsminin sözlərinə görə, Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı dəfələrlə istəyib. Lakin Kiyev bu istiqamətdə edilən təxminən altı müraciəti nəzərə almayıb. Bundan sonra Trampın Rusiyadan dizel yanacağının alınmasına icazə vermək qərarına gəldiyi iddia olunur.
Mənbə bildirib ki, Rusiyanın neft emalı infrastrukturuna endirilən zərbələr ABŞ-da yanacağın qiymətinin artmasına səbəb olur. Onun sözlərinə görə, Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını Rusiyanın Ukraynanın enerji sisteminə zərbələri ilə eyni səviyyədə qiymətləndirmir.
“Zelenski vəziyyəti düzgün qiymətləndirmir. Neft emalı zavodlarına zərbələri davam etdirməklə o, son altı ay ərzində Trampın yanında qazandığı xoş münasibəti zəiflədir”, – deyə amerikalı rəsmi bildirib.
Ukraynalı rəsminin “Axios”a verdiyi məlumata görə, Mayamidə keçirilən danışıqlar zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Ukrayna tərəfini xəbərdar ediblər. Onlar Rusiyanın neft emalı zavodlarına hücumların davam edəcəyi təqdirdə, Kiyevin ABŞ-ın kəşfiyyat məlumatları sisteminə çıxışının dayandırıla biləcəyini bildiriblər.
Bununla yanaşı, nəşrin məlumatına əsasən, Uitkoff və Kuşner gələn həftə yeni sülh təkliflərini müzakirə etmək üçün Moskva və Kiyevə səfər etmək imkanını nəzərdən keçirirlər.
Amerikalı rəsmi qeyd edib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa razı sala biləcək razılaşma variantı üzərində işləməyə davam edir.
“Putin Ukraynaya güclü zərbələr endirir, lakin biz onun müharibənin başa çatdırılmasını müzakirə etməyə açıq olduğunu düşünürük. Biz onun üçün kifayət qədər məqbul olacaq və müharibəni dayandırmağa razılaşmasına imkan verəcək yeni təklif hazırlamaq istəyirik”, – deyə rəsmi vurğulayıb.













