“Mobil nömrələrin istifadədən çıxarıldıqdan sonra yenidən satışa və ya başqa abunəçinin istifadəsinə verilməsi rəqəmsal təhlükəsizlik baxımından ciddi risklər yaradır. Artıq telefon nömrəsi sadəcə danışıq və SMS vasitəsi deyil, vətəndaşın bank hesabını, sosial şəbəkələrini, elektron poçtunu və dövlət xidmətlərini bağladığı əsas təhlükəsizlik açarıdır”.
Gündəm24.az sfera.az-a istinadən xəbər verir ki, bu məsələni Milli Məclisin iclasında deputat Razi Nurullayev qaldırıb.
Deputat bildirib ki, vətəndaş nömrəni müəyyən müddət aktiv saxlamadıqda həmin nömrə ləğv olunaraq başqa şəxsə verilir və bu zaman ciddi problemlər yaranır:

“Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında həmin nömrəni dəyişməyibsə, yeni abunəçi əvvəlki istifadəçiyə aid təsdiq mesajları və digər məlumatlarla qarşılaşır. Bu, artıq sadəcə narahatlıq məsələsi yox, şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq riskidir”.
Razi Nurullayev vurğulayıb ki, məqsəd mobil operatorların fəaliyyətini məhdudlaşdırmaq deyil, reallığa uyğun addımlar atmaqdır:
“Biz rəqəmsal həyatımızın dəyişdiyini nəzərə alıb qaydaları da bu reallığa uyğunlaşdırmalıyıq. Düşünürəm ki, istifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarına ehtiyac var. Nömrə yeni abunəçiyə verilmədən əvvəl müəyyən karantin müddəti tətbiq edilə, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün xüsusi qoruyucu mexanizmlər yaradıla bilər”.
Millət vəkili operatorların, bankların, elektron xidmətlərin və sosial platformaların nömrə dəyişdirildikdə qarşılıqlı inteqrasiya mexanizmlərini gücləndirməsinin vacibliyini qeyd edib:
“Ən əsası isə vətəndaş maarifləndirilməlidir. İnsan bilməlidir ki, istifadə etdiyi nömrə gələcəkdə başqa şəxsə verilə bilər və nömrədən imtina etməzdən əvvəl bank, sosial şəbəkə və digər hesablarında əlaqə vasitəsini dəyişməlidir. Biz rəqəmsallaşmanı sürətləndiririksə, rəqəmsal təhlükəsizlik qaydalarını da eyni sürətlə inkişaf etdirməliyik. Telefon nömrəsi artıq sadəcə nömrə deyil, bir çox hallarda insanın rəqəmsal kimliyinə giriş açarıdır. Bu səbəbdən onun yenidən dövriyyəyə buraxılması və bağlanması da yalnız kommersiya və texniki məsələ kimi deyil, informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir”.













