Gəncə şəhər 7 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışan müəllim Günay Məmmədova rəhbərlik tərəfindən ona qarşı qərəzli addımlar atıldığını iddia edir.
Gündəm24.az Modern.az-a istinadla xəbər verir ki, müəllim oktyabrın 22-də dərs cədvəlinin ona əvvəlcədən məlumat verilmədən dəyişdirildiyini bildirib.
Günay Məmmədovanın sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək qəbul olunduğu məktəbdə dərs cədvəli əvvəlcə onun əsas iş yerindəki qrafikinə uyğun tərtib edilib. Lakin sonradan cədvəl gecə saatlarında birtərəfli qaydada dəyişdirilib.
Müəllim bu dəyişikliyin onun fəaliyyətinə mane olmaq məqsədi daşıdığını və ictimai fəallığı ilə əlaqəli olduğunu iddia edib.
O, həmçinin məktəbin fəaliyyətinə dair əvvəllər müxtəlif platformalarda yayımlanan və müsbət rəylər alan videosüjetlərin məktəbin rəsmi səhifəsindən silindiyini bildirib.













