“İranın elm naziri Hüseyn Simayi-Sərrafın videomüraciəti təhsil adı altında siyasi mesaj daşıyır. Azərbaycanın dünyəvi məktəb qaydalarını dini müstəviyə çəkmək və bunu qızların hüquqları mövzusu kimi təqdim etmək müstəqil dövlətin daxili işlərinə yersiz müdaxilə cəhdidir. Azərbaycan heç bir xarici dövlətin təhsil sisteminə və qanunlarına müdaxiləsinə imkan verməyəcək”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, bu çağırışı səsləndirən tərəf öz ölkəsində təxminən 40 milyon azərbaycanlıya ana dilində təhsil imkanı vermir: “İranda Azərbaycan dilində bir məktəb, universitet belə yoxdur. Prezident Pezeşkian Azərbaycan dilində rahat danışır, amma dövlət siyasəti bu dildə dərs keçməyə icazə vermir. Konstitusiyanın 15-ci maddəsi etnik azlıqlara ana dilində təhsil hüququ tanısa da, bu norma illərdir icra olunmur. Seçki kampaniyasında verilən vədlərə baxmayaraq, vəziyyət dəyişməyib. İran tərəfinə dostcasına, lakin açıq şəkildə tövsiyə edirəm ki, başqalarına dərs keçməzdən əvvəl öz konstitusiyanızı yerinə yetirin və Azərbaycan dilində tədrisə icazə verin. Qonşuluq münasibətləri qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində qurulur. Azərbaycan bu prinsipə sadiqdir və eyni münasibəti gözləyir”.













