Dərələyəz mahalının qədim yaşayış məntəqələrindən biri olan Ayısəsi kəndi keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar Keşişkənd (Yeğeqnadzor) rayonunun ərazisində yerləşib. Kənd rayon mərkəzindən təxminən 20 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən yüksək dağlıq ərazidə salınıb. Mənbələrdə kəndin adı Aysəs, Aysayi və Aysası formalarında da qeydə alınıb.
Ayısəsi adı qədim tarixə malikdir. Yazılı mənbələrdə kəndin adı IX əsrdən xatırlanır. Tədqiqatçıların bir qismi bu toponimi qədim türk tayfalarından biri olan Qayı (Kayı) tayfasının adı ilə əlaqələndirir. Bu izaha görə, sözün əvvəlindəki “q” səsinin düşməsi nəticəsində “Qayısəsi” forması zamanla “Ayısəsi” şəklinə düşüb.
Kəndin tarixi abidələri arasında Ayısəsi qalası və eyniadlı məbəd xüsusi yer tutur. Hündür təpənin üzərində yerləşən Ayısəsi məbədi VII–VIII əsrlərə aid edilir. Məbəd 1270-ci ildə bərpa olunub, sonralar Amağu monastırının tabeliyinə keçib və Siyuni mitropolitlərinin yay iqamətgahı kimi istifadə edilib.
Tarixi statistik məlumatlara görə, Ayısəsi kəndində 1873-cü ildə 219, 1886-cı ildə 313, 1897-ci ildə 311, 1904-cü ildə 412, 1914-cü ildə 453, 1916-cı ildə isə 336 azərbaycanlı yaşayıb. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi deportasiyaya məruz qalıb. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinlərin bir qismi doğma kəndlərinə qayıdıb. 1922-ci ildə kənddə 254, 1926-cı ildə 181, 1931-ci ildə isə 288 azərbaycanlı qeydə alınıb. 1988-ci ildə kəndin azərbaycanlı sakinləri yenidən doğma yurdlarından deportasiya olunublar.
.webp)


Kəndin adı 1946-cı ildə dəyişdirilərək Qızılgül qoyulub, 1991-ci ildə isə Arates adlandırılıb. Beləliklə, əsrlər boyu Ayısəsi adı ilə tanınan yaşayış məntəqəsinin tarixi adı rəsmi xəritələrdən çıxarılıb.
Bu gün Ayısəsi adı Dərələyəz mahalının tarixi yaddaşında yaşayır. Qədim qalası, orta əsrlərə aid məbədi, türk mənşəli toponimi və sakinlərinin yurd xatirələri ilə bu kənd Qərbi Azərbaycanın zəngin tarixi irsinin bir parçasıdır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














