Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən Dərə kəndi keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Basarkeçər rayonunun ərazisində yerləşib. Kənd Kəvər şəhərindən təxminən 99 kilometr şərqdə, dəniz səviyyəsindən 1980 metr yüksəklikdə salınıb.
Dərə kəndi 1921-ci ildə yaxınlıqdakı Pəmbək kəndindən köçən azərbaycanlılar tərəfindən salınıb. Əvvəlcə Səmədağa Dərəsi adlandırılan yaşayış məntəqəsinin adı sovet dövründə qısaldılaraq Dərə kimi rəsmiləşdirilib. Toponim ərazinin relyefi ilə bağlıdır və iki dağ arasında yerləşən çökəkliyi ifadə edir.
Tarixi statistikaya görə, kənddə 1939-cu ildə 235, 1959-cu ildə 320, 1970-ci ildə 364, 1979-cu ildə isə 411 azərbaycanlı yaşayıb. 1988-ci ildə kəndin azərbaycanlı sakinləri doğma yurdlarından deportasiya ediliblər.
1991-ci il aprelin 3-də kəndin adı dəyişdirilərək Daranak qoyulub. 1995-ci ildən Ermənistanın Geğarkunik vilayətinin inzibati ərazisinə daxildir.
Bu gün Dərə kəndinin adı Göyçə mahalının tarixi yaddaşında yaşayır. Sakinlərinin yurd xatirələri və qədim toponimi Qərbi Azərbaycanın tarixi irsinin bir parçasıdır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














