“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış Azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransın bağlanış sessiyasında yekun sənəd təqdim edilib.
Sənəd konfrans çərçivəsində ölkəmizə qardaş Türkiyədən gələn Beynəlxalq Final Universitetinin professoru və Qərbi Azərbaycan İcmasının fəxri üzvü Hüseyin Işıksal tərəfindən səsləndirilib.
Biz, Azərbaycandan və 60-dan çox digər ölkədən olan parlamentarilər, alimlər, beynəlxalq hüquq və mədəni irs üzrə ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və ictimai xadimlərdən ibarət iştirakçılar, Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda 2025-ci il dekabrın 5-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilmiş üçüncü illik beynəlxalq konfransda bir araya gəldik;
Ermənistandan didərgin düşmüş azərbaycanlıların qayıdış hüququ, onların maddi və qeyri-maddi mədəni irsinin bərpası və qorunması, bu məsələlərin ədalət, barışıq və davamlı sülh üçün əhəmiyyəti barədə geniş fikir mübadiləsi apardıq;
Konfrans Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin adından oxunan müraciəti böyük ehtiramla dinlədi. Prezidentin müraciəti mədəni irs və qayıdış hüququnun ədalət, barışıq və davamlı sülh naminə əhəmiyyəti barədə müzakirələrə dəyərli istiqamət verdi;
Biz aparılmış müzakirələrə əsaslanaraq və Qərbi Azərbaycan İcmasının 2023 və 2024-cü illərdə keçirdiyi əvvəlki iki beynəlxalq konfransın nəticələrini nəzərə alaraq aşağıdakıları bildiririk:
2025-ci il 8 avqust tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri arasında Amerika Birləşmiş Ştatlarının prezidentinin şahidliyi ilə əldə olunmuş razılaşmaları alqışlayırıq və bunu sülhün təməlini qoyan tarixi inkişaf kimi qiymətləndiririk;
Ermənistandan didərgin düşmüş azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər mühüm beynəlxalq sənədlərdə beynəlxalq hüququn və insan hüquqlarının əsas prinsiplərindən biri kimi təsbit olunmuş qayıdış hüququndan istifadə edərək, öz evlərinə təhlükəsiz, könüllü və ləyaqətli qayıdışına birmənalı dəstəyimizi ifadə edirik. Bu hüquq təkcə doğma torpaqlara fiziki qayıdışı deyil, həm də tarixi yaddaşın qorunmasını və icmanın kollektiv kimliyini yaşadan irsin bərpasını əhatə edir;
İndiki Ermənistan ərazisində vaxtilə yığcam şəkildə, yerli xalq kimi və əhəmiyyətli sayda yaşamış azərbaycanlıların 20-ci əsrin müxtəlif dövrlərində həyata keçirilmiş məqsədyönlü siyasət və addımlar nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalmasını və mədəni irsinin bərpaolunmaz zərər görməsini kədərlə qeyd edirik;
Həmin mədəni irsin qorunması, bərpası və yenidən canlandırılmasının Ermənistanın beynəlxalq hüquq qarşısında öhdəliyi olduğunu vurğulayırıq və bunun qayıdış prosesinin ayrılmaz və vacib hissəsi olduğunu bəyan edirik. Məscidlərin, qəbiristanlıqların, ziyarətgahların, tarixi yerlərin, məhəllələrin və digər maddi abidələrin bərpası və qorunması, şifahi ənənələrin, dastan, musiqi sənəti və digər qeyri-maddi mədəni irs nümunələrinin yenidən dirçəldilməsi öz evlərinə qayıdacaq azərbaycanlıların reinteqrasiyası və kollektiv mədəni kimliyinin qorunması üçün həyati əhəmiyyət kəsb edir;
Qayıdacaq azərbaycanlıların Ermənistandakı evlərinə reinteqrasiyasına dəstək üçün humanitar yardım, uzunmüddətli inkişaf proqramları və qayıdışdan əvvəl, qayıdış zamanı və sonra mədəni irsin bərpası sahəsində əlaqələndirilmiş beynəlxalq səylərin zəruriliyini vurğulayırıq və bu müstəvidə UNESCO-nu və digər müvafiq beynəlxalq təşkilatları Ermənistanda azərbaycanlılara məxsus mədəni irsinin monitorinqi, bərpası və qorunması üçün hərtərəfli tədbirlər görməyə çağırırıq;
Ermənistan hökumətini beynəlxalq öhdəliklərinə uyğun olaraq, didərgin düşmüş azərbaycanlıların Ermənistandakı evlərinə təhlükəsiz, ləyaqətli və könüllü qayıdışını təmin etməyə, ərazisindəki Azərbaycan mədəni irsini bərpa etmək və qorumaq üçün lazımi addımlar atmağa, bu məsələlər üzrə Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa səsləyirik;
Beynəlxalq tərəfdaşları Qərbi Azərbaycan İcmasının ədalətin bərpası, sülh yolu ilə qayıdışın təmin edilməsi, mədəni irsin qorunması istiqamətində səylərinə dinc yanaşı yaşamağa və barışığa xidmət edən addımlar kimi dəstək verməyə çağırırıq;
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin davamlı sülh, ədalət və barışığın təmin edilməsi, Ermənistandan didərgin düşmüş azərbaycanlıların sülh yolu ilə qayıdışının təşviqi və onların mədəni irsinin bərpası və qorunması istiqamətindəki liderliyini yüksək qiymətləndiririk;
Bu yekun sənəd Ermənistandan didərgin düşmüş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinə, onların mədəni irsinin bərpası və qorunmasına, Ermənistan və Azərbaycan arasında davamlı sülh və barışığın təşviqinə çağırışdır. Konfransın nəticələri beynəlxalq təşkilatlara, hökumətlərə və ictimaiyyətə çatdırılacaqdır.
Bakı, 5 dekabr 2025-ci il













