“İntensiv və uzunmüddətli yağışlar kənd təsərrüfatına birbaşa mənfi təsir göstərərək məhsuldarlığın azalmasına, məhsul itkisinə və tədarük zəncirində problemlərə səbəb ola bilər. Nəticədə bazarda təklif azalır və bu da müəyyən məhsulların qiymətində artım riskini yüksəldir”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Ən çox bahalaşma riski açıq sahələrdə yetişdirilən tərəvəzlərdə müşahidə oluna bilər. Xüsusilə pomidor, xiyar, bibər, badımcan, kartof, soğan və kələm kimi məhsullar güclü yağıntılara daha həssasdır. Əkin sahələrinin su altında qalması və məhsulun vaxtında yığılmasının mümkün olmaması bu məhsulların bazara çıxışını məhdudlaşdıracaq”.
A.Nəsirli qeyd edir ki, meyvə məhsulları arasında albalı, gilas, ərik, şaftalı, gavalı və üzüm kimi mövsümi məhsulların da məhsuldarlığında azalma baş verə bilər.
“Davamlı rütubət meyvələrin keyfiyyətini aşağı salır, çürümə və göbələk xəstəliklərinin yayılmasını sürətləndirir ki, bu da satışa yararlı məhsulun həcmini azaldır.
Taxıl və yem bitkiləri də əlverişsiz hava şəraitindən zərər görə bilər. Bu isə uzunmüddətli perspektivdə un və çörək məhsullarının, eləcə də heyvandarlıqda yem xərclərinin artması səbəbindən ət və süd məhsullarının maya dəyərinə təsir göstərəcək. Bununla belə, bu təsirlər adətən tərəvəz və meyvələrlə müqayisədə daha gec hiss olunur.
Qiymət artımının miqyası yağışların davametmə müddətindən, zərərin coğrafiyasından, məhsul ehtiyatlarının səviyyəsindən və idxal imkanlarından asılıdır. Əgər daxili bazarda yaranan çatışmazlıq idxal hesabına operativ şəkildə kompensasiya edilərsə, qiymət artımı məhdud qala bilər. Əks halda, xüsusilə tez xarab olan meyvə və tərəvəz məhsullarında qısamüddətli, lakin nəzərəçarpacaq bahalaşma qeydə alınacaq”.














