Bakı metrosunda platformada illərlə sərnişinlərin diqqətini çəkən, amma çoxlarının mənasını bilmədiyi bir göstərici var: dəqiqələri göstərən o elektron saatlar.
Vətəndaşlar düşünür ki, bu, növbəti qatarın gəlmə vaxtıdır, bəziləri isə sadəcə adi saat hesab edir. Əslində isə bu göstəricilərin maraqlı tarixçəsi var.
Gündəm24.az xəbər verir ki, uzun illər Bakı metrosundakı platforma saatları əsasən sərnişin üçün yox, hərəkətin tənzimlənməsi üçün nəzərdə tutulub. Bu proses Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun dövründə həyata keçirilib. Tağı Əhmədovun rəhbərliyi dövründə (1998-2014) əsas prinsip “təhlükəsizlik və intervalın qorunması” idi.
O vaxtkı fəlsəfə belə idi: “Sərnişin qatarın nə vaxt gələcəyini yox, intervalın nə qədər olduğunu bilməlidir”.

Sovet dövründən başlayaraq 2010-cu illərin ortalarına qədər platformalardakı tablolar qatarın getməsindən sonra keçən vaxtı göstərib. Maşinist stansiyaya daxil olanda özündən əvvəlki qatarın neçə dəqiqə əvvəl yola düşdüyünü görüb və qrafikə uyğun sürətini tənzimləyib. Sərnişin tabloya baxanda qatarın gəlməsinə nə qədər qaldığını yox, sonuncu qatarın neçə dəqiqə, neçə saniyə əvvəl getdiyini görüb. Məsələn, tabloda 02:30 yazılıbsa, bu o demək idi ki, növbəti qatar intervaldan asılı olaraq hər an gələ bilər və ya daha 3 dəqiqə gözləmək lazımdır. Başqa sözlə, bu saatlar maşinistə və dispetçerlərə önündə gedən qatarla məsafəni, intervalı nəzarətdə saxlamağa kömək edib. Bu sistem sovet metropoliten ənənəsindən gəlib. Moskva, Sankt-Peterburq və digər keçmiş SSRİ metrolarında da oxşar “interval saatları”ndan istifadə olunub.
Hazırda tətbiq olunan sistem isə tamamilə sərnişin məmnuniyyətinə və məlumatlılığına yönəlib. Bir çox stansiyalarda artıq geri sayım sisteminə keçid edilib və tablo növbəti qatarın neçə dəqiqə və ya saniyəyə gələcəyini göstərir. Bu, sərnişinlər üçün daha anlaşıqlıdır və dünyanın müasir metrolarında istifadə olunan sistemə uyğundur. Başqa sözlə, indi tablolar növbəti qatarın stansiyaya çatmasına qalan vaxtı geri sayım üsulu ilə göstərir. Bu, dünya metropolitenlərində qəbul edilmiş müasir standartdır.

Bakı metrosu “Xətai” və “Bakmil” istiqamətləri, eləcə də “Həzi Aslanov”dan gələn qatarların “28 May”da “İçərişəhər” və “Dərnəgül” istiqamətlərinə ayrılması baxımından mürəkkəbdir. Yeni sistemdə tablolar həm də qatarın hansı istiqamətə (məsələn, “Həzi Aslanov” və ya “İçərişəhər”) getdiyini aydın şəkildə qeyd edir. Bu sistem bir tək 28 may stansiya həyata keçirilmir.
Məsələ ondadır ki, 28 May sıradan stansiya deyil. Bu, xətlərin qovşağı, böyük transfer mərkəzi və metro şəbəkəsinin ən mürəkkəb nöqtələrindən biridir. Burada interval hesablaması digər stansiyalar kimi sabit deyil. Qırmızı və Yaşıl xətlərin kəsişməsi səbəbindən hərəkət qrafiki fərqli işləyir, ona görə geri sayım sisteminin burada tətbiqi texniki baxımdan daha çətindir Hazırda “Avtovağzal”, “Memar Əcəmi-2”, “8 Noyabr” və “Xocəsən” kimi yeni (Bənövşəyi xətt) stansiyalarında sistem tam rəqəmsaldır. Bu stansiyalarda monitorlar həm qatarın gəlişinə qalan vaxtı, həm də vaqonların daxilindəki doluluq səviyyəsini belə göstərə biləcək texnoloji bazaya malikdir./Sfera.az













