Azərbaycan ictimai-siyasi fikir tarixində özünəməxsus yeri olan görkəmli dövlət xadimi, yazıçı, publisist, diplomat və elm adamı Hidayət Orucovun vəfatı xəbəri dərin kədər hissi ilə qarşılanmışdır.
Gündəm24.az xəbər verir ki, Hidayət Orucov ömrünü Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərin qorunmasına, ədəbiyyatın və mədəniyyətin inkişafına həsr etmiş ziyalılardan biri idi. Qərbi Azərbaycanın qədim yurdlarından olan Meğri mahalında dünyaya göz açan Hidayət müəllim uşaqlıq illərindən doğma torpaqların tarixini, mədəniyyətini və milli yaddaşını özündə yaşatmış, sonrakı fəaliyyətində də bu dəyərlərin təbliğini davam etdirmişdir.
O, uzun illər dövlət qulluğunda çalışaraq müxtəlif məsul vəzifələrdə Azərbaycan Respublikasına xidmət göstərmiş, milli siyasətin formalaşmasına, mədəniyyətin inkişafına və ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Diplomatik fəaliyyətində ölkəmizin maraqlarını layiqincə təmsil etmiş, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinin gücləndirilməsi istiqamətində çalışmışdır.
Yazıçı və publisist kimi Hidayət Orucovun əsərləri doğma yurda bağlılıq, milli kimlik, tarixi yaddaş, insan taleyi və vətən sevgisi kimi dəyərləri özündə əks etdirir. Onun qələmə aldığı kitablar və məqalələr Azərbaycan ədəbiyyatında və ictimai fikrində özünəməxsus yer tutur. Zəngin yaradıcılığı ilə yanaşı, o, gənc nəslin milli ruhda yetişməsinə də xüsusi diqqət göstərmişdir.
Qərbi Azərbaycandan olan yüz minlərlə soydaşımız kimi, Hidayət Orucov da doğma el-obasından ayrı düşməyin ağrısını yaşamış, lakin həmin torpaqların tarixinin, mədəni irsinin və azərbaycanlılara məxsus həqiqətlərin unudulmaması üçün yorulmadan fəaliyyət göstərmişdir. Onun çıxışları və yazıları Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə vermişdir.
Bu gün Sumqayıt şəhəri Qərbi Azərbaycandan olan minlərlə ailənin doğma ocağına çevrilmiş, onların ictimai və mədəni həyatında mühüm rol oynayan mərkəzlərdən biri olmuşdur. Sumqayıt ictimaiyyəti Hidayət Orucov kimi ziyalıların həyat yolunu və xidmətlərini yüksək qiymətləndirir, onların irsini gələcək nəsillərə çatdırmağı mənəvi borc hesab edir.
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi adından görkəmli ziyalının vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, yaxınlarına, onu sevənlərə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Uca Allahdan Hidayət Orucova rəhmət diləyir, ruhunun şad, məkanının cənnət olmasını arzulayırıq. Onun zəngin irsi, Vətənə sədaqəti və xalqına xidmətlə dolu ömür yolu daim hörmət və ehtiramla xatırlanacaq.













