Gündəm24.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə Nümayəndəliyinin və Qərbi Azərbaycanın Karvansaray rayonunun Haqqıxlı kənd icmasının birgə təşkilatçılığı ilə diskussiya xarakterli görüş keçirilib.
Görüşdə Qərbi Azərbaycan həqiqətlərinin təbliği, Yeni Azərbaycan Partiyasının siyasi xəttində Qərbi Azərbaycana qayıdış məsələsi və deportasiya yaddaşının gənc nəslə çatdırılması istiqamətində müzakirələr aparılıb.
Tədbiri Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq iştirakçıları salamlayıb.
Ramiz İsmayılov çıxışında Yeni Azərbaycan Partiyasının siyasi xəttində Qərbi Azərbaycana qayıdış mövzusundan bəhs edib və bu istiqamətdə həqiqətlərin təbliğinin və tarixi yaddaşın qorunmasının əhəmiyyətini vurğulayıb.
Karvansaray rayonu Haqqıxlı kənd icmasının sədri, Qaradağ rayonu Nümayəndəliyinin məsul şəxsi İbad Mehdiyev deportasiya yaddaşının gənc nəslə ötürülməsi barədə fikirlərini bölüşüb. Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi yaddaşının qorunmasının vacibliyinə toxunub.
O, deportasiya həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının, doğma yurdların unudulmamasının və milli-mənəvi dəyərlərin yaşadılmasının əhəmiyyətini vurğulayıb. İbad Mehdiyev qeyd edib ki, gənclərin bu tarixi həqiqətlər barədə məlumatlandırılması, onların milli kimlik və tarixi irsə bağlılıq ruhunda yetişdirilməsi hər bir icma üzvünün qarşısında duran mühüm vəzifələrdəndir.
Görüşdə icma üzvü Afina İsmayılova və gənclərdən Ayaz İbrahimov da çıxış edərək müzakirə olunan mövzularla bağlı fikirlərini səsləndiriblər.
Tədbirin maraqlı məqamlarından biri isə Qərbi Azərbaycan kökənli, 8 yaşlı Mahmudov Mədədin ifası olub. Balaca ifaçının segah muğamını özünəməxsus, incə səslə ifa etməsi iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Rəsmi çıxışlardan sonra iştirakçılar çay süfrəsi ətrafında bir araya gələrək mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüşün sonunda bu cür birgə tədbirlərin mütəmadi keçirilməsi barədə qərar qəbul edilib.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov




















