Regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili nəzərdə tutulub. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əks olunub.
Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a bildirdi ki, yenilik eyni zamanda innovativ metodların tətbiqini nəzərdə tutur:
“Bu metodlardan istifadə edilməklə regionlarda işsizliyin azaldılması əsas hədəflərdən biridir. Strategiyada fərqli sektorlar üzrə təlimlərin təşkil edilməsi də əsas hədəflərdəndir. O cümlədən, təbii ki, bölgələrdə yaşayan vətəndaşlarımız üçün hibrid təlimlərin təşkil edilməsi və onların innovativ biliklərinin artırılması da məhz strategiyanın, Tədbirlər Planının əsas istiqamətlərindən biridir.
Təbii ki, söhbət xüsusən innovativ fəaliyyət hesab olunan istiqamətlər üzrə təlimlərin təşkil edilməsindən və bununla da ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə dəstəkdən gedir. Çünki nəticə etibarilə beynəlxalq praktika da göstərir ki, təlimlər vasitəsilə əmək bazarında daha çox insanın işlə təmin olunması mümkündür. Oxşar praktikanın Azərbaycanda da tətbiqi nəticə etibarilə xüsusən ixtisaslı kadrların və işaxtaranların işlə təmin olunmasına imkan verəcək”.
Onun sözlərinə görə, birmənalı şəkildə demək olar ki, Tədbirlər Planı əmək bazarında yeni iş yerlərinin yaradılmasına, işaxtaranların, xüsusən də ixtisaslı kadrların işlə təmin olunmasına dövlət dəstəyinin gücləndirilməsinə imkan verəcək:
“Eyni zamanda, çevik iş rejimi və beynəlxalq praktikada tətbiq olunan digər metodların Azərbaycanda da istifadəsini nəzərdə tutur ki, bu da əmək bazarında məşğulluğun gücləndirilməsi istiqamətində yeni yanaşmaların tətbiqi anlamına gəlir”.














